Accessibility links

Mübariz Qurbanlı: Radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər


Mübariz Qurbanlı
Mübariz Qurbanlı

"Biz görürük ki, radikal dini qruplaşmalar Azərbaycanda da baza yaratmağa cəhd edirlər".

“Report” xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən “Multikultural dəyərlər və tolerantlıq Azərbaycanın ən qiymətli sərvətlərindəndir” mövzusunda konfransda danışan komitə sədri bildirib ki, Azərbaycanda baza yaratmaq istəyənlər ilk növbədə ayrı-ayrı gəncləri təsir altına salırlar:

“Hətta insanları, xüsusən də gəncləri fanatik qrupların təsiri altına salıb xarici ölkələrə qeyri-qanuni silahlı birləşmələrə cəlb etmə cəhdlərini görürük. Bu cəhdlərin qarşısını almaq üçün gənclər arasında geniş təbliğat işi aparılmalıdır. Bu mənada bizim gənclər təşkilatlarının üzərinə böyük işlər düşür. Medianın, sosial şəbəkələrin imkanlarından istifadə etmək vacibdir. Bu cür təbliğat aparan qruplara qarşı təbliğat aparmaq, onları susdurmaq lazımdır”, komitə sədri deyib.

Bununla yanaşı, Qurbanlı radikal didni qrupların Azərbaycanda baza yaratması cəhdinin nə vaxt olduğunu, bunu həyata keçirmək istəyənlərin hansı radikal dini qrupların təmsilçiləri olduöunu və onların tutulub-tutulmaması barədə məlumat verməyib.

Xatırladaq ki, son illərdə Əfqanıstan, İraq və Suriyada radikal duini təşkilatların tərkibində döyüşlərdə iştirak etmiş və təlim bazalarında olmuş yüzədək Azərbaycan vətəndaşı məhkum edilib. Yerli medianın yazdığına görə, hazırda da Suriya, İraq və Əfqanıstanda radikal dini qurumların tərkibində 500-dək Azərbaycan vətəndaşı döyüşür və onlarla azərbaycanlı döyüşlərdə ölüb. Bununla yanaşı, bu məlumatları rəsmi mənbələr hələ nə təsdiq, nə də təkzib edib.

XS
SM
MD
LG