Accessibility links

Azərbaycan və Rusiya hərbi əməkdaşlığı müzakirə edib


Zakir Həsənov və Sergey Şoyqu
Zakir Həsənov və Sergey Şoyqu

Avqustun 15-də Azərbaycan müdafiə naziri Zakir Həsənov Bakıda işgüzar səfərdə olan Rusiya müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatıan görə, Zakir Həsənov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərin işğal olunması faktını, bunun nəticəsində doğma ocaqlarından didərgin salınmış qaçqın və məcburi köçkün soydaşlarının mövcud durmunu diqqətə çatdırıb.

S.Şoyqu Rusiyanın Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edərək görüşlərin ikitərəfli münasibətlərin, eləcə də hərbi və hərbi-texniki sahədə əməkdaşlığın genişlənməsi baxımından zəruriliyini vurğulayıb.

Sonra tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahələrində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib.

Nazirlər beynəlxalq və regional təhlükəsizlik problemləri, Xəzər dənizində hərbi əməkdaşlıq, o cümlədən birgə hərbi təlimlərin keçirilməsi, təcrübə mübadiləsi məqsədilə mütəxəssislərdən ibarət heyətlərin qarşılıqlı səfərlərinin təşkili və maraq doğuran digər məsələlər barədə geniş fikir mübadiləsi aparıb

Öz növbəsində Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, nazirlər Yaxın Şərqdə təhlükəsizlik məsələləri ilə yanaşı, hərbi, hərbi texniki məslələr ətrafında müzakirələr aparıb.

“Zənnimcə, bu gün bizim bu regionda və Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətini müzakirə etmək imkanımız olacaq. Bundan başqa, bizim böyük hərbi və hərbi-texniki əməkdaşlıq proqramımız var ki, ona da düzəlişlər tələb olunur,” Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti Şoyqudan sitat gətirir.

Şoyqu həmçinin qeyd edib ki, Xəzər hövzəsində birgə təhlükəsizlik işləri ilə bağlı Xəzərdə əməkdaşlıq məsələsi ayrıca müzakirə mövzusu olacaq. O, ötən il hazırlanan proqramların tam həcmdə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.

XS
SM
MD
LG