Accessibility links

Müəllimlər qiymətləri qaldıracaqmı...


Son günlər repetitor müəllimlərin bildirdiyinə görə, Dövlət Vergi Xidməti onların vergilərə cəlb edilməsi istiqamətində fəaliyyətini gücləndirib.

Bəs görəsən, bu, həmin sahədə qiymətlərə təsir edəcəkmi? Üstəlik, bu proses təhsilin səviyyəsinin də artması istiqamətində hökumətin atdığı addımlarla adekvat olacaqmı?

Azərbaycanda repetitorluq, əsasən, ali məktəblərə qəbulun test üsuluna keçməsindən (1992-ci il) sonra geniş yayılıb. Hələ 2015-ci ildə vergilər nazirinin sabiq birinci müavini Natiq Əmirov mətbuat konfransında bildirmişdi ki, araşdırmalara görə, bəzi sahələrdə vergiqoyma zəifdir, çoxlu vergidən yayınma halları var: "Dayələr, repetitorlar, şou-biznes nümayəndələri və digər sahələrdə… vergiqoyma problemləri mövcuddur".

Evdə dərs keçən müəllim...

"Azərbaycan dili və ədəbiyyatı" fənni üzrə repetitor olan, amma adının çəkilməsini istəməyən bir xanım onların gəlirlərindən 20 faiz vergi tutulmasını düz saymır. O, "Turan" agentliyinə deyib: "Öz evimdə uşaq hazırlayıram. Ancaq qazancım yetərli deyil. Bununla belə, vergi verirəm. Amma mən bu əlavə fəaliyyətimə görə dövlətdən heç nə almıram".

İqtisadiyyat Nazirliyinin yanında Vergilər Xidmətindən isə agentliyə bildirilib ki, repetitor fəaliyyəti göstərənlər hər zaman vergiyə cəlb olunub: "Qanunvericilikdə heç bir yeni dəyişiklik yoxdur. Sahibkarlıq fəaliyyəti göstərən hər bir şəxs vergiyə cəlb olunur. Əgər kurs açılıbsa, məktəbdənkənar fəaliyyət göstərilirsə, dövlətə vergi ödənməlidir. Bu fəaliyyət növü həmişə vergilərə cəlb olunurdu deyə, eyni qaydada vergilərin ödənilməsinin qiymətlərə təsir göstərməsi barədə iddialar inandırıcı deyil".

"Seçilən metoddan asılı..."

Xidmətdən vurğulanıb ki, seçilən metoddan asılı olaraq gəlirlərdən vergi hesablanıb dövlətə ödənilməlidir. Bildirildiyinə görə, vergiödəyici gəlir vergisi və ya sadələşdirilmiş vergi seçə bilər. Əgər birinci seçilərsə, onda gəlirdən çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz hesablanır.

Qeyd olunub ki, həmin şəxs mikrosahibkarlıq subyekti hesab olunarsa, gəlirdən çəkilən xərclər və qalan fərqdən 75 faiz də vergi güzəşti çıxılır. Bildirildiyinə görə, yalnız bundan sonra vergi ödənilməlidir: "…Sadələşdirilmiş vergitutma metodu seçildiyi halda, əldə olunan hasilatdan 2 faiz vergi hesablanmalı və dövlətə ödənilməlidir".

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov da AzadlıqRadiosuna deyib ki, Azərbaycanda gəlir əldə edən hər bir şəxs buna uyğun vergi verməlidir: "Xəbərlərdə yayılan 20 faiz vergi məsələsi isə həqiqəti əks etdirmir, çünki repetitorlar sadələşdirilmiş vergi ödəyiciləridirlər. Onlar Bakıda fəaliyyət göstərirlərsə, 4, bölgələrdə xidmət göstərirlərsə, 2 faiz vergi ödəməlidir".

"İndi həmin şəxslər vergi ödəyirlər"

Ekspertin sözlərinə görə, bu gün repetitorluq tam nəzarətsiz sahəyə çevrilib: "Hər kəs, xüsusi təhsili olmayan şəxslər istənilən yerdə bir otaq götürür, hətta mənzil şəraitində qeydiyyatsız fəaliyyətlə məşğuldurlar. Sərt karantin rejimi vaxtı sərbəst hərəkət etmək üçün repetitorlar icaze.gov.az portalında qeydiyyatdan keçməli idi. Keçənlər repetitor kimi qeydiyyatdan keçiblər. İndi həmin şəxslər vergi ödəyirlər. Lakin nəzarətsiz fəaliyyət göstərənlər daha çoxdur".

O vurğulayıb ki, repetitorlar vergilərə görə xidmət haqqını artırmayacaq: "Çünki 100 manata görə o, 4 manat vergi ödəməlidir. Sadəcə, burada bir məsələ var: Gəlir nədir? Sizə daxil olan vəsaitdən kommunal, icarə haqqını çıxandan sonra bir məbləğdir. Vergi Xidməti bunu nəzərə alıb məhz o məbləğdən vergi tutmalıdır".

Bu mövzuda AzadlıqRadiosuna danışan bəzi ekspertlər də deyir ki, hökumət vergisini tutmalı, amma bununla paralel təhsilin də səviyyəsini artırmalıdır. Onların fikrincə, yoxsa yük ancaq valideynlərin üzərinə düşəcək.

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG