Accessibility links

Müəllimin yüksək maaşı barədə iddialar niyə şübhə doğurur?


Təhsil naziri Ceyhun Bayramov sentyabrın 11-də, təhsil işçilərinin konfransında deyib ki, beş mindən çox müəllimin son maaş artımlarından sonra maaşı 1000 manatdan çoxdur.

Müəllimlərin Hüquqlarını Müdafiə Təşkilatının sədr müavini Nabatəli Qulamoğlu isə bu rəqəmə şübhə edir:

“5000 nəfər çoxdur. Nazirlik o şəxslərin adını açıqlamalıdır. İki stavka dərsi olan, 18 il stajı olan müəllim bəlkə də ala bilər. Amma o qədər dərs yükü də yoxdur axı…”Ağdamın Əsədli kənd orta məktəbinin müəlliməsi Gülnarə Məmmədova da dərs yükünün və maaşın azlığından şikayətçidir. Deyir ki, 40 il stajı var, ayda 350 manat maaş alır. Bildirir ki, yoldaşı xəstədir, ailədə bircə işləyən odur:

“Tarix müəllimiyəm. Bizdə tarix saatları azdır. Üç tarix müəllimi var. Uşaqların da sayı get-gedə azalır. Banka pul borcluyuq. Yoldaşımın bütün pensiyasını çıxırlar borca. Ailədə tək işləyən mənəm. Maaşım azdır, o maaş məni qane etmir”.

Nazir Ceyhun Bayramov həm də deyib ki, orta təhsil sistemində orta əməkhaqqı 600 manatı keçib. Amma Nabatəli Qulamoğlu deyir ki, bu rəqəm də real görünmür, onun hesablamalarına görə, müəllimin əmək haqqı 370 manat civarındadır.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikirlərini öyrənməyə çalışıb:

Direktorlar təhsil nazirinə yox, icra başçısına tabedirsə...

Hökumətin bir qərarı da savadlı müəllimə daha çox dərs və maaş verməklə bağlı idi. Bəs bu sahədə vəziyyət nə yerdədir?

Təhsil Nazirliyinin göstərişinə görə, diaqnostik qiymətləndirmədə yüksək bal toplayan müəllimə daha çox dərs verilməlidir.

Müəllim hüquqlarının müdafiəçisi Nabatəli Qulamoğlu isə deyir ki, bu göstərişə əməl etməyən məktəblər var:

“Direktorlar həmişə dərs satıblar bu sistemdə, yenə də satacaqlar. Onların dərs satmağı üçün imkan var. İmkan ondan ibarətdir ki, müəllimi çağırır, ona deyir ki, sənə bu qədər dərs verirəm, onun bu qədər saatını mənə ver, razılaşırlar. Təəssüf ki, diaqnostik qiymətləndirmədən keçənlərə daha çox dərs verilməsi barədə göstərişə əməl olunmur. Direktorlar da Təhsil Nazirliyinə demək olar ki, tabe deyil. Onlar icra hakimiyyətlərinin dedikləri ilə hərəkət edirlər”.

Təhsil Nazirliyinə bu iddia ilə bağlı sorğu göndərsək də günün sonuna qədər cavab ala bilmədik.

Nazirlik bir qayda olaraq bildirir ki, əgər məktəblərdə hansısa qanunsuz əməl törədilməsi iddiası barədə nazirliyə müraciət olunsa, araşdırarlar.İqtisad təhlilçisi Toğrul Maşallı isə təklif edir ki, müəllimlərin əmək haqqı ilə bağlı məsələyə yenidən baxılsın və maaşlar hansısa göstəriciyə uyğun hesablansın:

“Rusiyada müəllimlərin maaşı bölgə üzrə orta göstəriciyə bağlıdır. Bölgədə orta maaş yüksəkdirsə, müəllimlərin də maaşı yüksəkdir. Bakıda orta maaş 800 manat olduğu halda, müəllimlərin maaşı regionlardan fərqlənmir - 400-500 manat arasındadır. Müəllimin maaşı heç bir halda bölgə üzrə orta maaşdan aşağı olmamalıdır. Bu cəhətdən bizdə siyasət zəifdir”.

Azərbaycanda sonuncu dəfə müəllimlərin maaşı bu ilin sentyabrında 20 faiz artırılıb.

XS
SM
MD
LG