Accessibility links

Tural Sadıqlı: Sui-qəsd cəhdində adı hallanan şəxslər dindiriləcək


Almaniyanın Nürnberg şəhərində yaşayan azərbaycanlı fəal Tural Sadıqlı ona qarşı sui-qəsdlə bağlı polisin araşdırmalarını davam etdirdiyini bildirib.

“Almaniyada yaşayan və adları hallanan şəxslər dindiriləcək”, o, Amerikanın Səsinə bildirib.

Tural Sadıqlı bir neçə gün öncə Facebook səhifəsində Azərbaycan hakimiyyətinin ona qarşı sui-qəsd planı olduğunu yazıb.

Onun sözlərinə görə, iyunun əvvəllərindən 3 nəfər Gürcüstan vətəndaşı olan azərbaycanlı evinin ətrafında onu güdür.

“Sui-qəsdi onlar törədəcəkdi. Sadəcə münbit şərait gözləyirdilər. Sayıqlığım və Nürnberg polisinin anında müdaxiləsi ilə plan baş tutmadı”.

Tural Sadıqlı Facebook səhifəsində evinin ətrafında gəzən şəxslərin fotosunu da dərc edib.

Onun şkiayətindən sonra Almaniya kriminal polisi məsələ ilə bağlı cinayət işi açıb.

Aprelin 11-də Berlində Azərbaycan Səfirliyinin qarşısındakı etiraz aksiyasından sonra da Tural Sadıqlıya 3 Gürcüstan vətəndaşı tərəfindən sui-qəsd cəhdi olduğu bildirilirdi və olay polisin müdaxiləsilə baş tutmamışdı. Həmin gün saxlanılan Sərxan Vəliyev adlı şəxsin avtomobilindən bıçaq və dəyənək aşkar edilmişdi.

“Bu, Azərbaycan hökümətinin növbəti çirkin əməlidir və təəssüf ki, bu dəfə "oğru aləmi"nin nümayəndələrini işə cəlb etməklə həyata keçirməyə cəhd edib”, - Tural Sadıqlı vurğulayıb. Sui-qəsdin kimin tərəfindən hazırlanması haqda konkret məlumat yoxdur.

Tural Sadıqlının atası Əlövsət Sadıqlı deyir ki, oğlunun apardığı siyasi mübarizədir. Siyasilər kriminal aləmin daxili işinə qarışmadığı kimi, kriminal aləm də siyasilərin daxili işinə qarışmamalıdır:

“Həm də nəzərə almaq lazımdır ki, siyasi hakimiyyət əbədi olmur və dəyişəndir. Belə bir dəyişmə gözləniləndir və baş verdiyi halda, siyasilərin daxili işinə müdaxilə edən, daha dəqiq desək, hakimiyyətin maşası olmuş kriminalların aqibətinin də xoş olmayacağı şəksizdir. Ona görə də məsləhətdir ki, hakimiyyətin fitvasına gedən bu psevdokriminallar ziyanın yarısından da olsa, qayıtsınlar”.

Rəsmi Bakı hələ Tural Sadıqlının yazdıqlarına münasibət bildirməyib.

Tural Sadıqlı 2014-cü ildə Almaniyaya mühacirətə gedib. O, sosial şəbəkələrdə Azərbaycan hökumətinin kəskin tənqidçilərindəndir. Sadıqlı həmçinin Almaniyada və Avropanın siyasi mərkəzlərində Azərbaycan iqtidarı əleyhinə keçirilən etiraz aksiyalarında fəal iştirak edir.

2015-ci ilin fevralında prezident İlham Əliyevin Berlndə Almaniyaya kansleri ilə görüşü zamanı Tural Sadıqlı və digər şəxlər etiraz aksiyası keçirib. Bundan bir neçə gün sonra onun atası və qardaşı Bakıda polisə aparılıb. Atası azad buraxılsa da, qardaşı Elgiz Sadıqlıya qarşı narkotik ittihamı irəli sürülüb. Elgiz Sadıqlı bir qədər həbsdə qaldıqdan sonra həbs qətimkan tədbiri şərti cəza ilə əvəz edilib. O, azad buraxılıb. 2018-ci ilin fevralında Elgiz Sadıqlı yenidən saxlanılıb və ona 30 sutka inzibati həbs verilib.

XS
SM
MD
LG