Rusiyanın 2016-cı ildə ABŞ seçkilərinə müdaxiləsi ilə bağlı təhqiqata rəhbərlik edən xüsusi prokuror Müller vəkil Aleks Van Der Zvannı müstəntiqlərə Pol Manafortun keçmiş biznes partnyoru Rik Geytslə kontaktları haqda yanlış ifadələr verməkdə ittiham edib.
Xüsusi prokuror Müllerin ofisi vəkilin “bilərəkdən faktlara dair yanlış, həqiqətə uyğun omayan və saxta bəyanatlar verdiyini” bəyan edib.
İttihamnamənin detallarının açıqlanacağı gözlənilir.
Keçən həftə ABŞ-ın xüsusi prokuroru Müller Rusiyanın 13 vətəndaşı və 3 təşkilatına qarşı prezident Donald Trampın xeyrinə seçkilərə təsir göstərmək üçün qeyri-qanuni “informasiya müharibəsi” aparmaq ittihamı irəli sürüb.
Bu, Müllerin ofisinin ruslara və Rusiyanın təşkilatlarına qarşı 2016-cı ildə seçkilərə müdaxilə ilə bağlı irəli sürdüyü ilk ittihamnamədir.