Accessibility links

Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşüb


Sentyabrın 23-də Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) və ATƏT-in Fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişikin iştirakı ilə Ermənistan xarici işlər naziri Edvard Nalbəndyanla görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə ətraflı fikir mübadiləsi aparılıb. Bu xüsusda, Ermənistan, Azərbaycan və həmsədrlər tərəfindən atılmalı olan addımlar nəzərdən keçirilib.

Görüş əsnasında ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklifinə uyğun olaraq Ermənistan və Azərbaycan prezidentlərinin görüşünün keçirilməsi ilə əlaqədar məsələlər müzakirə olunub.

Nazir Elmar Məmmədyarov münaqişənin həlli üzrə substantiv danışıqların davam etdirilməsi üçün həmsədrlər tərəfindən səsləndirilən bir sıra maraqlı təkliflərin Azərbaycan tərəfindən dəstəkləndiyini bildirib.

Həmçinin, Elmar Məmmədyarov münaqişənin tezliklə həllinə nail olmaq üçün Azərbaycanın məntiqli danışıqlara daim hazır olduğunu bir daha vurğulayıb.

ATƏT-in Minsk Qrupunun həmsədrləri də Nyu-Yorkda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyan arasında keçiriləngörüşlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Əndrü Sxofer (ABŞ) Azərbaycanın və Ermənistanın xarici işlər nazirləriElmar Məmmədyarov və Edvard Nalbandyan ilə BMT Baş məclisinin 72-ci sessiyası çərçivəsində təkbətək və birgə görüş keçirib. Görüşdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspişik də iştirak edib.

“Danışıqların əsas məqsədi münaqişə zonasında mövcud vəziyyətlə bağlı müzakirələr aparmaq, danışıqlar prosesini gücləndirmək, Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün təşkilinin müzakirəsi olub”, sənəddə qeyd edilir.

Həmsədrlər ümid edir ki, yüksək səviyyəli görüşün keçirilməsi nizamlanmanın digər əsas məsələlər üzrə kompromis qərarların axtarışında tərəflər arasında etimad və siyasi iradənin möhkəmləndirilməsinə kömək edəcək. Nazirlər prezidentlərin yaxın gələcəkdə görüşünün təşkilində həmsədrlərlə əməkdaşlığa hazır olduqlarının ifadə ediblər.

Həmsədrlər yerlərdə və danışıqlar prosesindəki son vəziyyəti müzakirə etmək və prezidentlərin növbəti görüşünə hazırlığa dair məlumat vermək üçün ATƏT-in baş katibi Tomas Qreminger və BMT baş katibinin siyasi məsələlər üzrə müavini Cefri Feltmanla görüşüb.

ATƏT Minsk Qrupunun həmsədrləri oktyabrın əvvəlində regiona səfər etmək niyyətindədir.

XS
SM
MD
LG