Fevralın 4-də ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Endrü Şofer və Birləşmiş Ştatların Azərbaycandakı səfiri Robert Sekuta Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlərlə görüşüb.
Azərbaycanın Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynovun, Dağlıq Qarabağın Azərbaycan icmasının nümayəndələrinin, həmçinin yerli icra hakimiyyəti başçılarının iştirak etdiyi görüşdə Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər, Dağlıq Qarabağ münaqişəsinin yaratdığı problemlərdən danışılıb.
Səfir Robert Sekuta ölkəsinin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğunu və bu istiqamətdə fəaliyyətlərini davam etdirdiyini bildirib. Onun sözlərinə görə, 1991-ci ildən etibarən ABŞ Azərbaycan cəmiyyətinin mühüm hissəsi olan qaçqın və məcburi köçkünlərin həyatını yaxşılaşdırmaq üçün 125 milyon dollardan çox vəsait ayırıb.
Amerikalı həmsədr məcburi köçkünlərin mənzil şəraitləri ilə tanış olub, onların fikirlərini dinləyib.
Görüş zamanı məcburi köçkünlər doğma torpaqlarına qayıtmaları üçün ABŞ-dan Minsk qrupunun həmsədr ölkəsi kimi öz səylərini artırmağı xahiş edib.