Accessibility links

Azərbaycan Bako Saakyanın Parisə səfərini pisləyən açıqlama yayıb


Azərbaycan Xarici İşlər Nazirliyi Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakayanın Fransaya səfərini pisləyən açıqlama ilə çıxış edib. Nazirlik Azərbaycanın Fransaya rəsmi etiraz bildirəcəyini bəyan edib.

Dağlıq Qarabağın erməni icmasının rəhbəri Bako Saakyan noyabrın 14-dən Fransada səfərdədir. O, Parisdə erməni icması və Daşnaktstun partiyasının təmsilçiləri ilə görüşlər keçirib, Fransadakı erməni fondunda olub. Saakyanın Fransanın rəsmi şəxlsəri ilə görüşlərinin olub-olmaması barədə məlumat verilmir.

Rəsmi Paris bir qayda olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünü tanıdığını bəyan edir və Dağlıq Qarabağın erməni icmasının liderinin səfərinin fərdi xarakter daşıdığını bildirir.

Bununla yanaşı, Fransa Bako Saakyana hansı ölkənin vətəndaşı kimi viza verildiyi barədə məlumat vermir.

Fransa tərəfindən davamlı əsasda yürüdülən və ikili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin açıqlamasında deyilir ki, Bako Saakyanın Fransaya səfəri “oyuncaq qurumun beynəlxalq səviyyədə təşviq edilməsinə yönələn növbəti bir uğursuz cəhddir”.

Nazirlik Fransanın Bako Saakyana ölkəyə giriş üçün viza verməsinə işarə edərək, bu addımın Azərbaycan və Fransa arasında mövcud olan ikitərəfli əməkdaşlıq münasibətlərinin ruhuna və imzalanmış sazişlərin dilinə uyğun olmadığını bildirib.

Bako Sahakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşür. 9 may, 2018.
Bako Sahakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşür. 9 may, 2018.

Xarici İşlər Nazirliyi Fransanın Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasında vasitəşilik edən ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi olduğunu xatırladır. Bako Saakyanın Fransaya səfrəinin bu ölkənin münaqişənin nizamlanmasında vasitəçiliyinin obyektivliyini və qərəzsizliyini ciddi sual altına aldığını bəyan edir.

Fransanın Milli Demoqrafik Araşdırmalar İnstitutu ölkədə yaşayan insanların etnik mənşələrinə dair dəqiq məlumat bazası olmadığını bildirir. Lakin bəzi müşahidəçilər və media qurumları Fransada 250-750 min arasında erməni mənşəli insanın yaşadığını təxmin edir.

Fransada yaşayan erməni icması Avropada ən iri, dünyada isə üçüncü ən iri erməni icması sayılır.

XS
SM
MD
LG