Accessibility links

Murad Rəhimovun xatirəsinə


Murad Rəhimov İraq müharibəsində həlak olmuş yeganə azərbaycanlıdır


Noyabrın 11-i Birləşmiş Ştatlarda Veteranlar günüdür. Bu gün Amerikada bütün hərbi münaqişələrdə həlak olan amerikalıların xatirəsi anılır.

Kaliforniya ştatının San Diyeqo şəhərində yaşayan Dinara və Rüfət Rəhimovlar isə bu gün ilin bütün başqa günləri kimi 2005-ci ilin yanvar ayında İraqda həlak olmuş övladları Muradın xatirəsini anır.

Murad Rəhimov ABŞ hərbi qüvvələrinin 2003-cü ildən 2011-ci ilə qədər İraqda hərbi kampaniyası zamanı həlak olmuş 4409 əsgər və zabitdən biridir. O, İraq müharibəsində həlak olmuş yeganə azərbaycanlıdır.

Murad Amerikaya 1989-cu ildə valideynləri ilə birlikdə dörd yaşı olanda mühacirət etmişdi. Ailəsi və dostları onu uşaqlıqdan olduqca həssas, eyni zamanda üsyankar və azad ruha malik bir oğlan kimi tanıyırdı. Yeniyetmə dövründən müstəqil olmağa çalışan Murad 15 yaşında özü pul qazanmağa başlamış, 16 yaşından məktəbdən çıxıb kollecə daxil olmaq üçün kurslara yazılmışdı. Elə həmin vaxt o, valiydenlərinə vətəni müdafiə etmək üçün ordaya yazılmaq istədiyini demişdi. Onun həyatda özünə yol tapmaq istədiyini anlayan Dinara və Rüfət Rəhimovlar özləri qəti müharibə əleyhdarıdırlar. Muradın ölümündən bir gün sonra 2005-ci ildə Rüfət Rəhimov Amerikanın Səsinə müsahibə zamanı “biz nə İraqda, nə də heç bir yerdə müharibəyə bəraət qazandıra bilmirik” demişdi. Valideynlər Muradın dəniz piyadalarına qoşulmasının səbəblərini anlaya bilməsə də, Rüfət Rəhimovun müsahibədə dediyi kimi, “onun hər zaman öz yolunu getmək istəyən azad ruhlu bir gənc olduğunu” bilirdi.

Murad Rəhimov 2003-cü ildə Birləşmiş Ştatların İraqa müdaxiləsindən bir neçə ay sonra orduya yazılıb San-Diyeqoda hərbi düşərgədə təlimlərə başlamışdı. 2004-cü ilin fevral ayında onun xidmət etdiyi birləşmə təlimlər üçün Havay adalarına yerləşdirilmişdi. Burada avtomatçı kimi təlim alandan sonra sentyabr ayında o, ABŞ hərbi dəniz qüvvələrinin 1-ci Batalyonunun tərkibində İraqa göndərilmişdi.

Murad atasından İraqa göndərildiyini anasından gizli saxlamasını istəmişdi. Milad bayramı ərəfəsində ordunun kiçik kapralı Murad Rəhimov nəhayət sirrini anasına özü açmışdı. Telefon xətttində Dinara Rəhimova Muradın “ana, artıq hər şey arxada qaldığı üçün həqiqəti sənə indi söyləyirəm” dediyini eşitdi. Lakin anası ilə telefon söhbətində Murad artıq İraqda olduğunu desə də, Fəllucədə Dəniz piyadalarının üçüncü batalyonunun apardığı döyüşlərdə iştirak etdiyini ondan gizli saxlamışdı. O, Fəllucə yaxınlığında ən şiddətli döyüşlərin getdiyi yerdə xidmət edirdi. Bunu Rüfət Rəhimov bilirdi.

Murad da, anası da onun qayıdacağına inanır, gələcəklə bağlı planlar qururdu. O, San Diyeqoya qayıdanda bacısına qazandığı pulla maşın alacağını, anası isə aprel ayında oğlunun 21 yaşını qeyd edəcəklərini düşünürdü. Telefon söhbətlərinin birində Murad atasına “mənim də sənin kimi ailəm olacaq demişdi”. O, fevral ayında İraqdan Birləşmiş Ştatlara qayıtmalı idi. 2005-ci il yanvarın 26-da Murad Rəhimov qum tufanı zamanı baş vermiş vertolyot qəzasında 30 başqa Amerika əsgəri ilə həlak olmuşdur. Muradın 20 yaşı var idi.

Rüfət və Dinara Rəhimovlar Muradın yaxşı işlər görmək ideyaları ilə yaşadığını deyir. Rəhimovların evində hər axşam Muradın otağında onun xatirəsinə şam yandırılır.
  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG