Accessibility links

Musa Bərzin: İranda qanunlar qeyri-farsların mədəniyyətinə maneədir [Audio-Müsahibə]


Musa Bərzinin söylədiklərinə görə, qeyri-fars millət vəkillərinin mədəni hüquqları məzhəb üzərindən tələb etməsi İranda qanunların əksikliyini və qanuna üstünlük verilmədiyini göstərir. Təbrizli hüquqşünas Amerikanın Səsi ilə söhbətdə İranda qeyri-fars icmalarının dil və mədəniyyətlərinin önündə mövcud olan qanuni maneələrdən danışıb.

Musa Bərzin Amerikanın Səsinə danışır
please wait

No media source currently available

0:00 0:14:18 0:00

Musa Bərzin keçən günlərdə Zəncanda bir körpüyə seçilən “ana” adının türkcə olduğu üçün rədd edilməsini İran qanunlarına görə uyğun olsa da, insan haqlarına zidd bir addım kimi hesab edir.

İranda qanunların özü qeyri-fars millətlərin qarşısında böyük maneədir... Bu qanunlar həqiqətən hüquqa bir ləkədir. Qeyri-fars millətlərin problemləri İran qanunlarının çərçivəsində həll olunmaz.

Bu yaxınlarda Zəncanın Gülşəhr məhəlləsində tikilən bir körpünün adı ilə bağlı keçirilən sorğuda “ana” adına üstünlük verildi. Lakin Şəhər Şurası sözçüsü türkcə olduğu üçün “ana” adının qanuna uyğun olmadığını ifadə etdi.

Hüquqşünas Musa Bərzin bu olayla bağlı “Mədəni İnqilabın Ali Şurası” tərəfindən ümumi məkanlar və keçidlərin adlarının farsca olmasının zərurətinə dair çıxarılan qanun maddəsinə diqqət çəkir.

Onun dediklərinə görə, “qanun baxımından deyə bilərik ki, bu, doğru görünür. Çünki qanun maddəsində deyir, adlar farsca olmalıdır. Amma bir tərəfdən də İranın konstitusiyasında deyir ki, millətlər bərabərdir və bərabər haqları var. Burada görürük ki, konstitusiya ilə bir ziddiyyət var.”

Musa Bərzin ümumiyyətlə qeyri-fars cəmiyyətlərin hüquqlarının İran qanunlarında təmin olunmadığını vurğulayır:

“Qeyri-fars millətlərin öz mədəniyyət və kültürlərindən istifadə edə biləcəklərini İran konstitusiyası da açıqlıqla yazmayıb. Nəticə budur ki, qanun yolu ilə milyonlarla insanın mədəni haqları pozulur. ‘Ana’ adının bu körpüyə verilməsinə mane olublar. İndi bu qanun yolu ilə olub, ya qanunsuz şəkildə, nəticədə insan haqlarına zidd olan bir addımdır.”

O, əlavə edir, “mənim dəyərləndirməm budur ki, İranda qanunların özü qeyri-fars millətlərin qarşısında böyük maneədir... Bu qanunlar həqiqətən hüquqa bir ləkədir. Qeyri-fars millətlərin problemləri İran qanunlarının çərçivəsində həll olunmaz.”

Mən hüquq təhsili almış biri olaraq, haqların qanun və hüquq yolu ilə tələb edilməsinə üstünlük verirəm. Məzhəbə və əhli-beytə təvəssül etməyi doğru bilmirəm.

“Ana” adı rədd edildikdən sonra İran xəbər agentliklərinin məlumatına görə, Zəncandakı körpünün adı “İmam Həsən Müctəba” qoyulub.

Bir Twitter istifadəçisi körpünün yeni adı haqqında belə yazıb:

“Körpüyə İmam Həsən adını verməklə keçmişdə də olduğu kimi, adların öz ana dillərində olmasını istəyənləri məzhəbə qarşı olan insanlar kimi göstərmək istəyirlər.”

Amma İran Azərbaycanının müxtəlif şəhərlərindən olan bəzi millət vəkilləri də türklərin mədəni tələblərini şiə məzhəbinin simvolları ilə bərabər gündəmə gətirirlər. Onlar Azərbaycan əhalisini şiəliyin qoruyucuları kimi təqdim edərək, ali ruhani liderə müraciət edib, türk dilinin tədrisinə icazə istəyirlər.

Musa Bərzin bu üslubun uzunmüddətli bir təsir göstərməyəcəyini vurğulayır:

“Bu, iki şeyi bizə göstərir. Ya qanunlarda əksiklik var ki, bu millət vəkilləri məzhəb üzərindən sözlərini deməyə çalışırlar. Ya da, bunu göstərir ki, İranda qanunun üstünlüyü yoxdur. Qanunda bir şeylər varsa, artıq imamlara və əhli beytə təvəssül etməzlər. Görünür ki, İranda millət vəkilləri də qanunlara inanmır.”

“Mən hüquq təhsili almış biri olaraq, haqların qanun və hüquq yolu ilə tələb edilməsinə üstünlük verirəm. Məzhəbə və əhli-beytə təvəssül etməyi doğru bilmirəm. Belə metodlara inanmıram. Belə metodlar bəlkə qısamüddətli olaraq bəzi bölgələrdə cavab verə bilər. Amma məsələnin uzunmüddətli həlli bu yollarla olmaz”- deyə, o əlavə edib.

XS
SM
MD
LG