Accessibility links

Müsavat Partiyası siyasi həbslərin davam etdirilməsini pisləyir


Müsavat Partiyası siyasi və vicdan məhbuslarının həbsdə saxlanılmasını, onlara qarşı saxlanma yerlərində qeyri-insani münasibətlərin göstərilməsini və bu yöndəki həbslərin davam etdirilməsini qətiyyətlə pisləyir. Bu barədə Müsavat Partiyasının noyabrın 27-də yaydığı bəyanatda deyilir.

Partiya bu faktların Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun gün-gündən itirməsinə səbəb olduğunu bildirərək, siyasi və vicdan məhbuslarının dərhal azad olunmasını və siyasi həbslərin dayandırılmasını tələb edir.

Sənəddə deyilir ki, ölkə ictimaiyyəti və bir sıra beynəlxalq təşkilatların Azərbaycanda siyasi məhbusların gün-gündən artmasından narahatçılıq ifadə etdikləri, onların müdafiəsi və azadlığa buraxılması istiqamətində ciddi tələblər irəli sürdüyü indiki dönəmdə hakimiyyətin azad düşüncəli insanları ağlasığmaz bəhanələrlə şərləyərək həbs etməsi, həbsdə olanlara qarşı pis rəftar edilməsi halları ardıcıl xarakter almaqdadır.

“Hazırda həbsxana və təcridxanalarda saxlanılan Leyla Yunus və Arif Yunus, İlqar Məmmədov, Tofiq Yaqublu, Sirac Kərimli və digərlərinin sağlamlıq durumlarının pisləşdiyi, bəzən isə son təhlükəli həddə yaxınlaşdığı haqda yayılan məlumatlar repressiyaların daha da gücləndiyini göstərir.

İslam Partiyasının sədri Mövsüm Səmədovun Qobustan xüsusi rejimli həbsxanaya köçürülməsi, ilahiyyatçı Taleh Bağırov və Abgül Süleymanovun da bu aqibətlə üzləşmə ərəfəsində olduğu xəbəri də baş verən proseslərin yaxşılığa doğru getmədiyini təsdiqləyir.

Son günlər AXCP Təşkilat şöbəsinin müdiri Rafiq Daşdəmirlinin oğlu Sənan Daşdəmirlinin narkotika, tanınmış vəkil Elçin Namazovun polisə tabe olmamaq maddələri ilə inzibati qaydada həbs edilməsi, AXCP Rəyasət Heyətinin üzvü Asif Yusiflinin dələduzluqda və sənədlərin saxtalaşdırılması ittihamı ilə haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi Azərbaycan hakimiyyətinin müxalif düşüncəli insanlara qarşı daha aqressiv mövqe sərgilədiyini göstərir”, deyə partiya qeyd edir.

Öz növbəsində rəsmi Bakı ölkədə siyasi əqidəsinə görə insanların həbs edilmədiyini və ölkədə siyasi məhbus olmadığını bildirir.

XS
SM
MD
LG