Accessibility links

Myanma: Əsgərlər etirazçılara atəş açır


Yangonda hərbi çevrilişə qarşı aksiya zamanı zirehli hərbi maşın küçə ilə keçir, 14 fevral, 2021.
Yangonda hərbi çevrilişə qarşı aksiya zamanı zirehli hərbi maşın küçə ilə keçir, 14 fevral, 2021.

Myanma təhlükəsizlik qüvvələri ölkədə hərbi hakimiyyətə qarşı nümayişlərin iki həftədir davam etdiyi bir vaxt bazar günü etirazçılara atəş açıb.

Ölənlərin sayı dərhal təsdiqlənməyib və hökumət tərəfindən açıqlama verilməyib.

Əsgərlər bazar günü ölkənin şimalında Kaçin ştatında elektrik stansiyasında keçirilən etiraz aksiyasına göndərilib. Etiraz aksiyasından çəkilmiş video görüntülərdə hərbçilərin kütləni dağıtmaq üçün atəş açdığı göstərilir, lakin onların rezin güllələrdən və ya hərbi patronlardan istifadə edib-etmədiyi aydın deyil.

ABŞ-ın Yangondakı səfirliyi yerli vaxtla gecə saat 1:00-dən səhər 9:00-a qədər internetin bloklanma ehtimalı olduğu ilə bağlı xəbərdarlıq edib.

Etirazlar hərbi xuntanın ölkənin faktiki lideri Aung San Su Çini hakimiyyətdən devirməsindən bir həftədən çox müddətdən sonra hakimiyyətini gücləndirməyə davam etdiyi fonda keçirilir. Aung San Su Çinin ən yaxın köməkçilərindən biri olan Kya Tint Sve onun Demokratiya Uğrunda Milli Liqasının təhlükəsizlik qüvvələri tərəfindən evindən götürülərək gecə reydi zamanı saxlanılan bir neçə üzvü arasındadır. Myanma seçki komissiyasının rəhbərlərinin də həbs edildiyi bildirilir. Komissiya Milli Liqanın qalib gəldiyi noyabr seçkilərində geniş yayılmış saxtakarlıqlarla əlaqədar ordunun irəli sürdüyü iddiaları rədd edib.

Yangonda hərbi çevriliş əleyhinə etiraz aksiyasının iştirakçıları baş komandan, Dövlət İdarə Şurasının sədri, general Min Aung Hlainginin üzərində X işarəsi olan küçədə yerləşdirilmiş şəklinin qarşısında toplaşıb, 14 fevral, 2021.
Yangonda hərbi çevriliş əleyhinə etiraz aksiyasının iştirakçıları baş komandan, Dövlət İdarə Şurasının sədri, general Min Aung Hlainginin üzərində X işarəsi olan küçədə yerləşdirilmiş şəklinin qarşısında toplaşıb, 14 fevral, 2021.

Hərbi çevrilişə qarşı nümayişlərdə Kaçin də daxil olmaqla, etnik azlıqlara qarşı basqılarla bağlı məlumatlar verilir.

Myanma ordusunun bundan öncə insanların gecə saatlarında evlərinə gələn qonaqlarla bağlı məlumat verməsini tələb edən qanunu bərpa etdiyi, polisin fevralın 1-i hərbi çevrilişdən sonra ölkəni bürümüş etiraz aksiyalarının tərəfdarlarının axtarışını keçirdiyi bildirilir.

Ordu rayonlar və qəsəbələrin idarə edilməsinə dair qanuna edilən dəyişikliklə bağlı elanı şənbə günü Facebook səhifəsində yerləşdirib. Bu, ordu tərəfindən qanunvericilikdə tətbiq olunan bir sıra dəyişikliklər arasında sonuncusudur.

Kabinet üzvləri ilə birlikdə nəzarətdə saxlanılan Aung San Su Çinin rəhbərlik etdiyi keçmiş mülki hökumət ordunun on illərlə hakimiyyəti dövründən qalmış bu düzəlişi ləğv etmişdi.

Düzəlişə əsasən, sakinlər yerli hakimiyyət orqanlarına qonaqları haqda məlumat vermədiyi təqdirdə cərimə və ya həbs cəzası ilə qarşılaşa bilər.

Myanma hərbi xuntası həmçinin şənbə günü təhlükəsizlik qüvvələrinin məhkəmə orderi olmadan şübhəli şəxsləri saxlamaq və ya özəl mülkiyyətdə axtarış aparmasını qadağan edən qanunları da dayandııb və bu ay hərbi çevrilişə qarşı etiraz nümayişlərinin tanınmış tərəfdarlarının həbs olunması haqda əmr verib.

Hərbi çevriliş son on ildən bəri ölkədə ən böyük küçə etirazlarına səbəb olub və Qərb ölkələri tərəfindən qınanıb. ABŞ hakimiyyətdə olan generallara qarşı bəzi sanksiyalar tətbiq edib, bununla yanaşı digər ölkələr də bəzi tədbirləri nəzərdən keçirir.

Ölkənin ən böyük şəhəri olan Yangonda hərbi çevriliş əleyhinə etirazları yenidən başlayıb. Ordu şənbə günü paytaxt Naypyito və digər yerlərdə hərbi hökumətin tanınmış yeddi tənqidçisinin sosial mediada şərhləri ilə əlaqədar həbsinə orderlərin verildiyini bildirib.

Ordunun bəyanatında insanların adları çəkilən şəxsləri gördükdə polisə müraciət etməli olduqları və onlara sığınacaq verdikləri təqdirdə cəzalandırılacağı bildirilir.

Myanma monitorinq qrupu olan Keçmiş Siyasi Məhbuslara Yardım Assosiasiyası çevrilişdən sonra ölkədə əsasən gecə vaxtı keçirilən reydlər zamanı azı 384 nəfərin saxlandığını bildirib.

XS
SM
MD
LG