Accessibility links

Myanmada nümayişlərə dövlət işçiləri də qatılıb


Aunq San Su Çi və mülki hökumətin digər liderlərinin həbs edilməsindən düz bir həftə sonra Myanmada hərbi rejiminə qarşı nümayişlər ardıcıl üçüncü gündür davam edib.

Paytaxt Naypito və əsas ticarət şəhəri Yanqun da daxil olmaqla, on minlərlə insan əllərində “Myanmanı xilas et” “Biz demokratiya istəyirik” şüarları ilə Myanmanın böyük şəhərində küçələrə şəxıb.

Polis Naypitodakı etirazçıları dağıtmaq üçün su şırnağından istifadə edib.

Bazar ertəsi dövlət qulluqçuları - dəmir yolu işçiləri, müəllimlər və digər sektorlardakı işçilər ümumxalq nümayişlərinə qatıldıqları üçün nümayişlər yeni mərhələyə qədəm qoyub.

İnternet xidməti kəsildikdən bir gün sonra, bazar günü bərpa edilib və bu, vətəndaşlara canlı yayım və Myanma daxilində müxtəlif etiraz aksiyalarının videolarını sosial şəbəkələrdə paylaşmasına imkan verib.

Etirazçıların bir çoxu devrilən Aunq San Su Çini nəzərdə tutaraq, “Yaşasın Su ana” və “Biz hərbi diktatura istəmirik” şüarları səsləndirib. Digərləri isə “Hunger Games” filmində olduğu kimi, zülmə qarşı müqavimət olaraq üç barmaqla salam verib.

Hərbi çevriliş Myanma lideri Aunq San Su Çi və hakim Demokratiya Uğrunda Milli Liqa Partiyasının digər rəsmilərinin həbs edilməsindən sonra baş verib.

Su Çi evində edilən axtarış zamanı aşkar edilən qeydiyyatda olmayan 6 walkie-talkie radiosunun qanunsuz olaraq saxladığına və istifadəsinə görə günahlandırılıb.

Myanma ordusu noyabr seçkilərindəki saxtakarlığa dair iddiaları ilə bağlı tədbir görülmədiyini əsas gətirərək, bir il davam edəcək fövqəladə vəziyyət elan edib.Myanmada hakimiyyətin hərbi yolla ələ keçirilməsi ABŞ prezidenti Co Bayden və digər dünya liderləri tərəfindən qınanılıb və seçilmiş hökumətin yenidən hakimiyyətə gətirilməsi tələb olunub.

BMT-nin Təhlükəsizlik Şurası ordu tərəfindən tətbiq olunan fövqəladə vəziyyətə görə dərin narahatlığını ifadə edib. BMT-nin Baş Katibi Antonio Quterres Myanmanın siyasi liderlərinin həbs edilməsinin demokratik islahatlara "ciddi bir zərbə" olduğunu deyib və ordunu seçki nəticələrinə hörmət göstərməyə çağırıb.

BMT-nin Myanma üzrə xüsusi məruzəçisi Tom Andryus demokratiyanın generallar tərəfindən devrildiyini deyib. "Bu, vicdansızlıqdır. Bu, dərin narahatlıq doğurur."

Avropa İttifaqı Xarici Siyasət Məsələləri şöbəsinin müdiri Cozef Borell Twitter səhifəsində hərbi müdaxiləni “qətiyyətlə” qınadığını bildirib və həbs edilənlərin dərhal azad edilməsinə və seçkilərin nəticələrinə hörmət göstərilməsinə çağırıb.

XS
SM
MD
LG