Keçən həftə Myanmarın mülki hökumətinin hərbi yolla çevrilişinə qarşı ümummilli nümayişlər ordunun etirazçılara qarşı güc tətbiq etməsinə baxmayaraq, ardıcıl olaraq beşinci gündür davam edir.
Təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün nümayişçilərə xəbərdarlıq atəşləri açıb, rezin güllələrdən və su şırnağından istifadə edib. Bunun nəticəsində etirazçılar arasında yaralananların olduğu bildirilir.
Etirazçıların müalicə edildiyi Neypyito xəstəxanasında adının açıqlanmasını istəməyən bir həkim Amerikanın Səsinin Birma Xidmətinə verdiyi müsahibəsində biri başından, digəri isə sinəsindən olmaqla, azı iki nümayişçinin güllə yarası aldığına inandığını deyib.
Həkimin bildirdiyinə görə, başından güllə yarası alan iyirmi yaşlarındakı Mya Tvi Kineven komadadır və rentgen güllənin hələ də onun başında qaldığını göstərib.
Həkim 23 yaşlı Su Vinin isə sinəsindən güllə yarası aldığını deyib. O, etirazçılardan neçə nəfərin güllə və ya su şırnağından istifadə nəticəsində yaralandığını bilmədiyini deyib, lakin xəstəxanada müalicə olunan 20 nəfərin əksəriyyətinin rezin güllələrdən yaralanmadığını bildirib.
Hərbçilərin de-fakto lideri Aunq San Su Çi və mülki hökumətin digər yüksək səviyyəli üzvlərini həbs etməsindən sonra ordu çərşənbə axşamı gecə Su Çinin Demokratiya Uğrunda Milli Birlik Partiyasının Yanqundaki qərargahında reyd keçirib.
Çərşənbə axşamı etiraz aksiyaları ordunun nümayişlərin keçirildiyi Yanqun və Mandalay şəhərlərində axşam saat 8-dən səhər saat 4-ə qədər komendant saatı elan etməsindən bir neçə saat sonra başlayıb. Rejim eyni zamanda ölkə daxilində dörddən çox insanın toplaşmasını da qadağan edib.
Xəbər agentlikləri hər üç şəhərdə etirazçıların su şırnaqları ilə dağıdıldığını bildirib.
Nümayişlər başladığından bəri on minlərlə insan Myanmada əllərində “Myanmarı xilas et”, “Biz demokratiya istəyirik” yazılı plakatlarla və devrilmiş hökumətin faktiki lideri Aunq San Su Çinin portretləri ilə etirazlarını davam etdirir.
Birləşmiş Ştatlar çərşənbə axşamı etirazçılara qarşı zorakılıqları qınayıb.