Accessibility links

Myanmanın dəmir yolu işçiləri də etiraz aksiyalarına qatılıb


Cümə axşamı təhlükəsizlik qüvvələri ilə tətil edən dəmir yolu işçiləri arasında qarşıdurmadan bir neçə saat sonra Myanmanın mülki hökumətini devirən ordusuna qarşı kütləvi nümayişlər yenidən başlayıb.

Çərşənbə axşamı gecə təhlükəsizlik qüvvələri Mandalay şəhərində dəmir yolu işçilərinin yaşadığı məhəllədə olub. Şahidlərin dediyinə görə, təhlükəsizlik qüvvələri tətil edən işçilərə qarşı rezin güllələrdən istifadə edib,

Hərbçilərin onlara işə qayıtmaq əmri verməsinə və təhdidlərinə baxmayaraq, dəmiryolçular çevrilişə qarşı kütləvi nümayişlərə qatılan özəl və dövlət sektoru işçiləri və dövlət qulluqçuları arasında olub.

Xunta çərşənbə günü aktyorlar və rejissorlar da daxil edilməklə, bir çox məşhurun həbsinə dair sərəncam verib. Onlar ordu üzvləri və ya mülki işçilərin qəsdən işlərindən kənarda tutulmasına dair qanunu pozmaqda ittiham olunur.

Məşhurlar dövlət qulluqçularını etiraz aksiyalarında iştirak etməyə təşviqdə günahlandırılır. Onlar fevralın 1-də ölkənin de-fakto lideri Aunq San Su Çi və mülki hökumət üzvlərinin devrilməsinə qarşı Yanqonda keçirilən kütləvi etiraz aksiyalarına qoşulub. Məlumatlarda çərşənbə günü Yanqonda keçirilən nümayişlərin çevrilişdən sonra şəhərdəki ən böyük etiraz aksiyası olduğu deyilib.

Ciddi zorakılıqlar barədə məlumat verilməsə də, Yanqona gedən yollar və körpülər etirazçıların polis və hərbi maşınların qarşısını almaq üçün tətbiq etdiyi yeni bir taktika olaraq, mühərrik probleminə görə kapotları qaldırılmış avtomobillər tərəfindən bloklanıb.

Özəl və dövlət sektorundan çox sayda işçi, eləcə də dövlət qulluqçuları işlərini yarımçıq qoyaraq, çevrilişə qarşı kütləvi nümayişlərə qatılıb.

Ölkənin Siyasi Məhbuslara Yardım Assosiasiyası çevrilişdən sonra çoxunun gecə reydləri zamanı olmaqla, 450-dən çox insanın həbs edildiyini bildirib.
İnternet əlaqəsi dördüncü gündür ardıcıl olaraq qısa müddətə rejim tərəfindən kəsilib.

Su Çi çevrilişdən bəri Neypyitodakı rəsmi iqamətgahında ev dustaqlığındadır. Rəsmilər hüquqi manevr olaraq çərşənbə axşamı Su Çiyə qarşı onun həbsdə müddətsiz saxlanmasına gətirib çıxara biləcək ikinci ittiham irəli sürüb.

Prezident Yu Vin Myint də çevrilişdən bəri ev dustaqlığındadır.


XS
SM
MD
LG