Accessibility links

Myanmada xunta həbsdə olan yüzlərlə etirazçını sərbəst buraxıb


Ordu etiraz hərəkatını sakitləşdirmək məqsədilə nadir bir barışıq jesti olaraq, keçən ay Myanmada baş verən çevrilişə qarşı nümayişlər zamanı həbs edilən yüzlərlə insanı çərşənbə günü sərbəst buraxıb.

Şahidlər Yanqondaki İnseyn həbsxanasından əksəriyyəti gənclər olmaqla, insanlarla dolu avtobusların çıxdığını gördüklərini deyib. Onların dediyinə görə, avtobusda olanların əhvali-ruhiyyəsi yüksək olub, bəziləri isə etirazçılara aid üç barmaqla itaətsizlik jesti göstərib. Dövlət televiziyası 628 nəfərin azad edildiyini bildirib.

Çərşənbə günü eləcə də, keçən ay çevriliş əleyhinə etiraz nümayişini işıqlandırarkən The Associated Press qəzetinin həbs edilən jurnalisti Teyn Zou sərbəst buraxılıb.

Myanmanın təhlükəsizlik qüvvələri fevralın 1-dən, Cənub-Şərqi Asiya ölkəsindəki demokratiyaya doğru on illik irəliləyişi dayandıraraq, ölkənin faktiki lideri Aunq San Su Çi hökumətini devirəndən bəri çevrilişə qarşı nümayişlərə qəddarcasına reaksiya göstərib.

Müstəqil Siyasi Məhbuslara Yardım Dərnəyi çevrilişdən sonrakı repressiyalar zamanı azı 275 nəfərin öldüyünü, minlərlə insanın həbs edildiyini və 2000-dən çoxunun həbsdə olduğunu və ya onlara qarşı ittihamlar irəli sürüldüyünü deyib.

Hakimiyyəti ələ almasından bəri ordunun hər gün keçirilən nümayişlərdə etirazçılara qarşı qəddar təqiblərinə yol verməmək məqsədilə etirazçılar çərşənbə günü səssizlik tətili keçirib və insanları bir gün boyunca evdə qalmağa, biznesləri isə fəaliyyət göstərməməyə çağırıb.

Myanma Now və Reuters xəbər agentliyinin verdiyi məlumata əsasən, təqiblər zamanı öldürülənlərdən biri 7 yaşlı bir qız uşağı olub. Verilən xəbərlərə görə, əsgərlər çərşənbə axşamı Mandalaydakı evə girib, ailə üzvlərinin hamısının evdə olub-olmadığını bilmək istəyərkən uşaq atasının qucağında olub. Ata hamının evdə olduğunu desə də, əsgərlər onu yalan danışmaqda günahlandırıb və atəş açıb.

Şərhlərə bax

XS
SM
MD
LG