Accessibility links

Myanmada etirazlar zamanı təhlükəsizlik qüvvələri tərəfindən 14 nümayişçi öldürülüb


Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) bildirdiyinə görə, fevral ayında hərbi çevrilişdən bəri ən ölümcül həftə sonundan sonra Myanma təhlükəsizlik qüvvələri tərəfindən bazar ertəsi ölkə boyu nümayişlərdə 14 nəfər öldürülüb.

Zorakılıqları izləyən qrup bazar ertəsi fevral ayında çevrilişdən bəri ölənlərin sayının 510 nəfərə çatdığını deyib.

AAPP-nin verdiyi məlumata görə, bazar ertəsi səkkiz nəfər Yanqonda nümayişlərdə öldürülüb.

Nümayişlər yaralı nümayişçilərə yardım edərkən öldürülən 20 yaşlı tibb fakültəsinin tələbəsinin xatirəsini anmaq üçün insanların küçələrə çıxdığı Saqain regionu da daxil olmaqla, bazar ertəsi ölkənin hər yerində keçirilib.

BMT-nin bildirdiyinə görə, xunta şənbə günü İkinci Dünya Müharibəsi dövründəYaponiya işğalına qarşı yerli müqavimətin başlanması kimi qeyd edilən Silahlı Qüvvələr Günü münasibəti ilə böyük parad keçirdiyi zaman azı 107 nəfəri öldürüb. Siyasi Məhbuslara Yardım Assosiasiyası şənbə günü ölənlərin sayını 141 nəfər olduğunu bildirib.

"Milli Silahlı Qüvvələr Günündə baş verənlər dəhşət idi" - deyə, BMT-nin Baş katibi Antonio Quterreş bazar ertəsi mətbuat konfransında bildirib.

"İnsanlara qarşı bu dərəcədə zorakılıq tamamilə qəbuledilməzdir. Bu qədər insan öldürülüb və belə bir inadla bütün siyasi məhbusların azadlığa buraxılması və ölkəni ciddi demokratik keçidə qaytarılmasının vacibliyindən imtina edildi", Quterreş bildirib.

Birləşmiş Ştatlar da daxil olmaqla, ondan çox ölkənin hərbi qərargahlarının rəhbərləri şənbə günü yaydıqları bəyanatda Myanmada dinc demokratiya tərəfdarlarına qarşı ölümcül silahlardan istifadə edilməsini qınayıb.

ABŞ bazar ertəsi demokratiya bərpa olunana qədər Birma kimi tanınan Myanma ilə ticarət razılaşmasını dayandırıb.

XS
SM
MD
LG