Accessibility links

BMT Myanmanın hərbi xuntasını devirmək üçün razılaşdırılmış beynəlxalq tədbirlərə çağırış edir


Tomas Endryus
Tomas Endryus

Birləşmiş Millətlər Təşkilatının müstəntiqi Myanmanın hərbi xuntasını insanlıq əleyhinə cinayətlərdə günahlandırıb və beynəlxalq ictimaiyyəti rejimi təcrid etmək və ölkəni xuntadan qurtarmaq üçün koordinasiyalı şəkildə tədbir görməyə çağırıb. Hesabat BMT-nin İnsan Haqları Şurası tərəfindən nəzərdən keçirilir.

Xüsusi məruzəçi Tomas Endryus fevralın 1-dən, Myanma ordusunun hakimiyyəti qanuni seçilmiş hökumətdən aldığından bəri təhlükəsizlik qüvvələri tərəfindən azı 70 nəfərin öldürdüyünü, 2 mindən çox insanın həbs edildiyini bildirib.

Endryus təhlükəsizlik qüvvələrinin etirazçıları vəhşicəsinə döydüyü, mülki vətəndaşlara məxsus əmlakı, dükanları qarət etdikləri və insanların evlərinə atəş açdıqlarını nümayiş etdirən video sübutların olduğunu deyib. O, xuntanın sistematik olaraq qanun, ifadə və toplaşma azadlıqlarını pozduğunu bildirib.

Myanmanın hazırkı rejimini qatil və qanunsuz adlandıran Endryus mövcud rəhbərliyin soyqırım ittihamı ilə Beynəlxalq Ədalət Məhkəməsi qarşısına çıxarılmalı olduğunu deyib. O, ordunu Rakxayn əyalətində, xüsusən müsəlman Rohinca azlığına qarşı olmaqla, insan haqlarını pozmaqda günahlandırıb.

"Myanma ordusunun qətllər, itkin düşmələr, təqib, işgəncə və qanunsuz həbslər kimi insanlıq əleyhinə cinayətlər törədərək beynəlxalq hüquq qaydalarını pozması təəccüb doğurmur" - deyə, Endryus bildirib.

Endryus bu qəddarlıq hallarının ayrı-ayrı deyil, koordinasiyalı və sistemli kampaniyanın bir hissəsi olduğuna dair dəlillərin olduğunu deyib. O, dünya ölkələrini bu vəhşiliklərin qarşısını almaq üçün kəskin və koordinasiyalı addım atmağa çağırıb.

“Qanunsuz xuntanın xəzinəsinə maliyyə axınını dayandırın. Bunu indi etmək lazımdır. Myanmanın neft və qaz müəssisələri də daxil olmaqla, hərbi hakimiyyətin nəzarətindəki müəssisələrə, həm yüksək səviyyəli xunta liderlərinə, həm də onların əsas gəlir mənbələrinə geniş sanksiyalar tətbiq olunmalıdır" - Endryus deyib.

O, Myanmanın təbii qaz layihələrinin bu il təxminən 1 milyard dollar gəlir gətirəcəyini qeyd edib və sanksiyalar olmadan hərbi xuntanın bu vəsaitdən cinayətkar fəaliyyətlərini dəstəkləmək və günahsız insanlara hücumlar etmək üçün istifadə edə biləcəyi barədə xəbərdarlıq edib.

XS
SM
MD
LG