Accessibility links

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Myanmanın Milli Birlik Hökumətinin nümayəndələri ilə görüşüb


Ağ Evin bazar ertəsi gecə bildirdiyinə görə, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bazar ertəsi Myanmada hakimiyyətdə olan hərbçilər əleyhinə yaradılmış Milli Birlik Hökumətinin (NUG) nümayəndələri ilə görüşüb.

Ağ Evin bəyanatında deyilib ki, virtual görüş zamanı Sallivan Milli Birlik Hökumətinin nümayəndələri Duva Laşi La və Zin Mar Aunla ölkənin demokratiyaya gedən yolunun bərpası üçün davam edən səyləri müzakirə edib və ABŞ-ın Myanmadakı demokratiya tərəfdarı hərəkatına dəstəyini bir daha təkrarlayıb.

Ağ Evin məlumatında Sallivanın ordunun zorakılığından narahatlığını ifadə etdiyi bildirilib. "ABŞ çevrilişi törəndənlərin qanun qarşısında cavab vermələrinə çalışır" - deyə, o bildirib.

Fevralın 1-də baş verən çevrilişdən sonra etirazlar və iğtişaşlar Myanmanı iflic vəziyyətinə salıb. Hərbçilər mülki vətəndaşlara qarşı vəhşilikdə və həddindən artıq təqibdə ittiham edilir. Xunta iğtişaşlarda kölgə hökuməti ilə müttəfiq olan “terrorçuları” günahlandırır.

Birləşmiş Millətlər Təşkilatının Myanma üzrə xüsusi nümayəndəsi bazar ertəsi deyib ki, Myanmanın xunta hökumətinin tanınması onun zorakılıqlarının qarşısını almayacaq.

Sallivan demokratiya tərəfdarı Ko Cimminin həbsi ilə bağlı narahatlığını ifadə edib və ABŞ-ın onun azad edilməsi ilə bağlı tələbləri müdafiə etdiyini bildirib.

Sallivan və Milli Birlik Hökuməti rəsmiləri, həmçinin Myanmadakı COVID-19 pandemiyası və ABŞ-ın Myanma xalqına birbaşa humanitar yardım göstərmək üçün davam edən səylərini də müzakirə edib.

XS
SM
MD
LG