Accessibility links

Myanmadakı nümayişlər zamanı azı 39 nəfər öldürülüb


Myanmadan verilən məlumatlara görə, bazar günü 1 fevral hərbi çevrilişindən bəri hakimiyyəti ələ keçirən xuntaya qarşı ən qanlı etiraz günü olub. Belə ki, təhlükəsizlik qüvvələri bazar günü 22-si ölkənin əsas şəhəri olan Yanqon ətrafında olmaqla, azı 39 nəfəri öldürüb.

Reuters xəbər agentliyinin Siyasi Məhbuslara Yardım Assosiasiyasının (AAPP) Vəkillər Qupuna istinadən verdiyi məlumata görə, təhlükəsizlik qüvvələri Yanqon yaxınlığındakı Çinə məxsus fabriklərin yerləşdiyi Hlayinthay rayonunda nümayişçilərə atəş açıb. Myanmada çoxları Çinin hərbi xuntanı dəstəklədiyini hesab edir.

Rəsmilər Hlayinthayda hərbi vəziyyət elan edib.

Reuters xəbər agentliyi ordu tərəfindən idarə olunan Myavadday televiziyasına istinadən təhlükəsizlik qüvvələrinin etirazçılara qarşı odlu silahdan bölgədəki dörd tikiş fabriki və bir gübrə zavodunun yandırılmasından və təxminən 2,000 nəfərin yanğınsöndürən maşınların yanğın olan ərazilərə yaxınlaşmasına imkan verməməsindən sonra istifadə etdiklərini bildirib. Bəzi məlumatlarda iki fabrikin yandırıldığı deyilib.

Xunta sözçüsü bu barədə heç bir suala cavab verməyib.

Siyasi Məhbuslara Yardım Assosiasiyasının bildirdiyinə görə, başqa şəhər və qəsəbələrdə də bir polis işçisi və 16 etirazçı öldürülüb. Bundan əvvəl Myanmada ən qanlı gün 3 mart - 38 nəfərin öldürüldüyü gün olub.

Etirazlar hərbçilərin ölkənin lideri Aunq San Su Çini nəzarətə almasından və hakimiyyəti ələ keçirməsindən bəri yeddinci həftədir davam edir.

Siyasi Məhbuslara Yardım Assosiasiyası o vaxtdan bəri təhlükəsizlik qüvvələri tərəfindən 126 nəfərin öldürüldüyünü bildirib. Təşkilatın dediyinə görə, şənbə gününə qədər 2,150 nəfərdən çox insan həbs edilib və bu günə qədər 300-dən çoxu sərbəst buraxılıb.

XS
SM
MD
LG