Accessibility links

Myanma ordusu ölkənin şimalında çevriliş əleyhdarı üsyançılara qarşı döyüşür


Sakinlərin dediyinə görə Myanma ordusu bazar günü fevral ayında hakimiyyəti ələ keçirən xuntaya qarşı çıxan üsyanı yatırmaq məqsədilə şimal-şərqdəki Mindat şəhərində yerli yarı-hərbi qüvvənin döyüşçülərinə qarşı döyüşüb.

Çin ştatının Mindat şəhərində döyüşlər xuntanın demokratik yolla seçilmiş Aunq San Su Çini devirəndən sonra hər gün keçirilən etirazlar, tətillər və təxribat hücumları fonunda nüfuzunu artırmağa çalışdığı Myanmada xaosun davam etdiyini göstərir.

"Biz həyatda qalmaq üçün qaçırıq," Hindistanla sərhəddən 100 kilometr uzaqda yerləşən Mindat şəhərinin sakini Reuters-ə bildirib.

“Şəhərdə hələ təxminən 20 000 insan ilişib qalıb. Onların çoxu uşaqlar və yaşlılardır. Mənim dostumun bacısının üç qızına qəlpə dəyib. Onlar hələ heç yeniyetmə deyillər,” o əlavə edib.

Xunta cümə axşamı Mindatda hərbi vəziyyət elən edib və “silahlı terrorçu” adlandırdığı insanlara qarşı hücumlarını artırıb. Sözçü şənbə günü döyüşlərlə bağlı şərh çağırışına cavab verməyib.

Xuntanın əleyhdarlarının təsis etdiyi yerli administrasiyanın bir üzvü Reuters-ə bildirib ki, ordu qüvvələri artilleriya bombardmanı və helikopter hücumları ilə irəlilədiyi üçün Çinland Müdafiə Qüvvələrinin döyüşçüləri geri çəkilib.

O, mülki əhali arasında tələfatın olduğunu bildirib, amma ölənlərin sayını təsdiqləməyib.

Xuntaya qarşı çıxmaq üçün yaradılan kölgə Milli Birlik Hökumətinin beynəlxalq əməkdaşlıq naziri Doktor Sasa deyib ki, son iki gündə Mindata beş mülki vətəndaş öldürülüb.

Myanmada onsuz artıq iyirmidən çox silahlı qrup mövcud idi. Onlar onillər boyu birmalıların çoxluq təşkil etdiyi orduya qarşı müharibə aparırlar. Çinland Müdafiə Qüvvəsi isə çevrilişə cavab olaraq yaradılıb.

Reuters şənbə günü qrupdan münasibət ala bilməyib.

Müdafiə qrupunun bildirdiyinə görə, xuntanın təhlükəsizlik qüvvələri xunta hakimiyyətinə qarşı etirazlara təqiblər nəticəsində azı 788 nəfəri öldürüb.

Bu rəqəmin səhv olduğunu bildirən ordu media, məlumat və internetə sərt məhdudiyyətlər tətbiq edib. Reuters həbs olunanların və ölənlərin sayını müstəqil şəkildə yoxlaya bilmir.

XS
SM
MD
LG