Myanmanın təhlükəsizlik qüvvələri şənbə günü İravadi çay deltasında silah axtarışı zamanı katapult və qundaqlı yay-oxlarla silahlanmış kəndlilərlə qarşıdurma yaşayıb. Yerli media nəticədə 20 nəfərin öldüyünü bildirib.
Dövlət televiziyasında yayımlanan xəbərlərdə bildirilib ki, təhlükəsizlik qüvvələrinin dövlətə qarşı qiyam planlaşdırmaqda ittiham olunan insanı həbs etmək üçün getdiyi Hlaysve kəndində üç “terrorçu” öldürülüb, iki nəfər həbs olunub.
Xuntanın sözçüsü Reuters-in İravadi regionundakı kənddə baş verən zorakılıqlarla bağlı şərh çağırışına cavab verməyib. Reuters ölənlərin sayını təsdiq edə bilməyib.
Ordu fevralın 1-də təcrid olunmuş ölkənin dünyaya açılmasına gətirib çıxaran on il davam edən demokratik islahatlardan sonra seçilmiş lider Aunq San Suu Çini devirəndən bəri ölkə üzərində nəzarətini qurmaqda çətinlik çəkir.
Cümə günü xunta lideri Min Aunq Hlainq ilə Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının nümayəndə heyəti arasında keçirilən görüş şənbə günü Myanmanın bir neçə hissəsində qəzəbə səbəb olub.
Şənbə günü Yanqon şəhərindən 150 kilometr uzaqda yerləşən Hlaysve şəhərində, əsgərlərin şəhərə silah axtarmaq üçün gəldiyini deməsindən sonra toqquşmlar baş verib. Bu barədə azı dörd yerli media orqanı və bir sakin məlumat verib.
Həmin sakin deyib ki, “kənddəki insanlarda yalnız qundaqlı yay-oxlar olub və insanlar arasında çox sayda itkilər var.”
Khit Thit Media və Delta Xəbər Agentliyi bildirib ki, 20 mülki vətəndaş öldürülüb və çox sayda insan yaralanıb. Onlar əsgərlərin kənd sakinlərinə hücum etməsindən sonra kəndlilərin katapultlarla müqavimət göstərməyə çalışdığını bildirib.
MRTV dövlət televiziya kanalı təhlükəsizlik qüvvələrinin hava tapançaları və dartlarla hücuma məruz qaldığını bildirib. Dövlət televiziyası atışma nəticəsində üç hücumçunun cəsədinin tapıldığını bildirib.
Bu məlumat təsdiq olunsa, bu, son iki ayda baş verən ən tələfatlı gün olacaq. Siyasi Məhbuslara Yardım Assosiasiyası qrupu fevralın 1-də baş verən çevrilişdən bəri ölkədə təxminən 845 nəfərin öldüyünü bildirib. Xunta isə bu rəqəmin doğru olmadığını bildirir.