Accessibility links

Myanmada cümə axşamı doqquz nəfər ölüb


Siyasi Məhbuslara Yardım Dərnəyinin (AAPP) gündəlik hesabatında Myanmada cümə axşamı doqquz nəfərin öldürüldüyü bildirilib.

Nümayişlər çərşənbə günü etirazçıların hakim hərbi xuntaya qarşı ölkənin bir çox şəhərinin küçələrini praktiki olaraq boş qoyan "səssiz" tətilindən bir gün sonra yenidən başlayıb.

Mavlamyine və ölkənin cənub-şərqindəki Karen ştatının paytaxtı Hpa-An şəhərlərində etirazları dağıtmaq üçün əsgərlərin güc tətbiq etdiyi haqda məlumatlar var. Əsgərlərin həmçinin ölkənin hər yerində şam yandıran nümayişçilərlə də toğğuşduğu bildirilib. İnsident zamanı azı bir nəfərin güllələnərək öldürüldüyünə dair xəbərlər yayılıb.

AAPP hesabatında basqılar zamanı hərbi qüvvələr tərəfindən azı 320 nəfərin öldürüldüyü deyilib. Myanmar Now və Reuters xəbər agentlikləri bildirib ki, öldürülənlərdən biri 7 yaşlı bir qız uşağı olub. Verilən xəbərlərə görə, əsgərlər çərşənbə axşamı Mandalaydakı evə girib, ailə üzvlərinin hamısının evdə olub-olmadığını bilmək istəyərkən uşaq atasının qucağında olub. Ata hamının evdə olduğunu desə də əsgərlər onu yalan danışmaqda günahlandırıb və atəş açıb.

Siyasi Məhbuslara Yardım Assosiasiyası repressiyalar başladığı gündən bəri 2900-dən çox insanın həbs edildiyini, mühakimə olunduğunu və ya cəzalandırıldığını bildirib. Lakin çərşənbə günü xunta nadir bir barışıq jesti olaraq, 600-dən çox etirazçını Yanqon şəhərinin İnseyn həbsxanasından azad edib. Azad edilənlər arasında 8 nəfər media işçisi ilə birlikdə çevriliş əleyhinə küçələrdəki etiraz nümayişini işıqlandıran The Associated Press qəzetinin jurnalisti Teyn Zou da olub.

France-Presse xəbər agentliyinin bildirdiyinə görə, nəzarətə alınan mülki lider Aunq San Su Çinin Milli Demokratiya Liqası Partiyasının Yanqon qərargahına atılan Molotov kokteyli kiçik yanğına səbəb olub.

Cümə axşamı ABŞ və Britaniya Myanmanın hakim xuntasına qarşı sanksiyalar tətbiq edərək, hərbçilərin nəzarətində olan müəssisələri qara siyahıya alıb.

XS
SM
MD
LG