Myanma polisinin məlumatına görə, Myanma hökuməti bazar ertəsi hər il keçirilən beynəlxalq narkotiklərlə mübarizə günü ölkənin hər yerindən müsadirə edilmiş 446 milyon dollar dəyərində qanunsuz narkotik maddə məhv edib.
Narkotik maddələrin yandırılması BMT ekspertlərinin Myanmada tiryək, heroin və metamfetamin istehsalının artaraq, ixracın Cənubi və Cənub-Şərqi Asiyada bazarları genişləndirmək təhlükəsi yaratdığı ilə bağlı xəbərdarlıq etməsindən sonra baş verib.
Myanmada onilliklər boyu davam edən silahlı münaqişələrin səbəb olduğu siyasi və iqtisadi böhranla bağlı narkotik maddə istehsalının uzun tarixi var. Hökumətin yoxsul fermerlər arasında qanuni alternativ əkinlərini təşviq etmək cəhdlərinə baxmayaraq, ölkə əsas metamfetamin istehsalçısı və ixracatçısı, Əfqanıstandan sonra isə dünyanın ikinci ən böyük tiryək və heroin istehsalçısıdır.
Ölkənin ən böyük şəhəri Yanqunda ələ keçirilən 207 milyon dollar dəyərində narkotik və prekursor kimyəvi maddələr yandırılıb. Məhv edilən narkotik maddələrə tiryək, heroin, marixuana, kratom, ketamin və kristal metamfetamin daxildir.
Narkotik maddələrin yandırılması BMT-nin Narkomaniya və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Beynəlxalq Mübarizə Gününə təsadüf edib.
Rəsmilər həmçinin hər ikisi əsas narkotik istehsalı və onların paylanmasının həyata keçirildiyi ərazilərə yaxın olan Mandalay şəhərində və şərqi Şan vilayətinin paytaxtı Tauncidə narkotik maddələri məhv edib.
Keçən il hökumət orqanları ümumilikdə 642 milyon dollardan çox qiyməti olan müsadirə edilmiş narkotik maddə yandırıb.
Mütəxəssislər Myanmada iki il əvvəl hərbçilərin hakimiyyəti ələ keçirməsindən sonra hazırda hərbi hökumət və ölkədəki demokratiya tərəfdarları arasında vətəndaş müharibəsinə bənzəyən şiddətli siyasi iğtişaşların ardınca narkotik maddə istehsalının artdığı barədə xəbərdarlıq edib.