Accessibility links

Nümayəndələr Palatası Donald Tramp oğuldan bəzi sənədlər tələb etməyi planlaşdırır


ABŞ Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri 2016-cı seçkilərində prezidentlik kampaniyası zamanı prezident Donald Tramp ilə Rusiya arasında mümkün əlaqələri araşdıran təhqiqatların bir hissəsi olaraq bazar ertəsi Ağ Ev və Ədliyyə Nazirliyinin rəsmiləri daxil olmaqla, 60 nəfərdən sənəd tələb etməyi planlaşdırır.

Nümayəndə Cerrold Nadler ABC News kanalına bildirib ki, komitə Trampın böyük oğlu Donald Tramp və Tramp Təşkilatının baş maliyyə direktoru Allen Uaysselberqin bəzi sənədlərini görmək istəyir.

“Cinayət və impiçmentə yol açacaq qanun pozuntuları fərqli şeylərdir. Elə cinayətlər ola bilər ki, impiçmentə səbəb olmur və yaxud impiçmentə gətirib çıxaran elə qanun pozuntuları var ki, cinayət hesab olunmur. Bunlar fərqli anlayışlardır və biz bunları Amerika xalqına izah etməliyik. Bunun üçün Müllerin istintaqına arxalana bilmərik. Birincisi Müllerin təhqiqatının nə zaman bitəcəyini bilmirik. İkincisi, onun təhqiqatı xüsusi cinayətləri araşdırır. Biz isə daha geniş mənzərəyə baxmalıyıq” - deyə, Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin sədri Cerrold Nadler bildirib.

Nadlerin komitəsi və Konqresdəki digər panellər xüsusi prokuror Robert Müllerin Trampın seçki kampaniyasının Rusiya ilə mümkün əlaqələrini, eləcə də Trampın prezident ikən istintaqın qarşını almaq üçün hər hansı yolla ədaləti əngəlləyib-əngəlləmədiyini araşdıran 22 aydır davam edən istintaqı ilə bağlı hesabatını açıqlamasını gözləyir.

Nadler deyir ki, o, Trampın keçmiş şəxsi vəkili Maykl Kohenin birbaşa olaraq prezidentin həm prezident kampaniyası zamanı, həm də prezidentlik dövründə müxtəlif cinayətlər etdiyinə işarə edib.

Kohen ötən həftə Nümayəndələr Palatasının Nəzarət Komitəsinə biri prezident, digəri isə Tramp oğul və Uaysselberq tərəfindən imzalanan iki böyük məbləğdə çek təqdim edib. Bu çeklər Kohenin 2016-cı il seçkisindən öncə porno ulduz Stormi Danielsə on il öncə Trampla yaşadığı intim əlaqə ilə bağlı səssiz qalması üçün ödədiyi 130 min dollar müqabilində yazılıb.

Kohen maliyyə cinayətləri törətdiyini və Trampın Rusiya ilə biznes əlaqələrinin prezidentlik kampaniyası başlamadan öncə, 2016-cı ilin yanvar ayında bitdiyinə dair yalan söylədiyini etiraf etdiyinə görə üç il həbs cəzası alıb.

XS
SM
MD
LG