Demokratların nəzarətində olan Nümayəndələr Palatası prezident Donald Trampın impiçment prosesində növbəti addımı atır. Gələn həftə impiçment maddələri üzrə tam tərkibdə səsvermənin keçiriləcəyi gözlənilir. Nümayəndələr Palatasındakı demokratlar prezident Trampın impiçmenti üçün əsas ola biləcək iki maddə irəli sürüblər. Demokratlar prezidenti vəzifəsindən sui-istifadə etməkdə və Konqresin impiçment araşdırmasına mane olmaqda ittiham ediblər.
Nümayəndələr Palatasının Ədliyyə komitəsi prezident Trampı xarici ölkəni 2020-ci il seçkilərinə müdaxiləyə cəlb etmək və qanunvericilər onun davranışını təhqiq edərkən administrasiyasına məhkəməyə çağırışlara əhəmiyyət verməməyə dair göstəriş verməklə, Konqresin işinə əngəl yaratmaqda ittiham edən maddələri müzakirə edib.
Komitənin sədri Cerold Nadler tərəfindən açıqlanan ittihamın əsasında Trampın 391 milyonluq hərbi yardımı saxlayıb, Kiyev rəsmilərinin ABŞ-ın keçmiş vitse-prezidenti və Trampın 2020-ci il prezident seçkilərində əsas rəqiblərindən biri olan Co Baydenlə bağlı təhqiqat aparmasına çalışaraq, Ukraynaya təzyiq göstərməsi durur.
Ədliyyə komitəsinin sədri Cerold Nadler: “Prezident xarici hökumətdən onun yerli siyasi rəqiblərini təhqiq etməyi tələb edərkən bizim seçkilərimizi pozur. Dövlətin baniləri üçün bu kimi pozuntu xüsusilə zərərli idi. Azad və ədalətli seçkilər bizim demokratiyamızın təməl daşıdır. Əgər seçkilərimiz pozulursa, hər şey pozulur.”
Komitədə nüfuzlu respublikaçı konqresmen Daq Kollinz deyib ki, demokratlar Tramp vəzifəyə gələndən onu impiç etmək istəyir və işlə bağlı faktlar onların təqdim etdiyi dəlillərlə uyğun deyil.
Komitə üzvləri arsaında diskussiyalar partiya mənsubiyyətinə uyğun bölünmə şəraitində keçib.
Demokrat qanunverici Val Deminqs: “Mən bilirəm ki, heç kəs qanundan üstün deyil. Amma ittiham edilən şəxs istər sizin evə girən adam, ya da prezident olsun, dəlili ortadan götürə, şahidləri ifadə veməkdən çəkindirə və təhqiqatla əməkdaşlıqdan imtina edə bilirsə, qanunun heç bir mənası yoxdur. Mən sizdən ailənizdə, ya da icmanızda bunu edə biləcək bir nəfəri göstərmənizi istəyirəm.”
Respublikaçı konqresmen Cim Cordan: “Bu, Ukrayna ilə bağlı məsələ deyil. Faktlar prezidentin tərəfindədir, Zelenski deyib ki, ona təzyiq olmayıb, ukraynalıların heç yardımın zəng olan vaxt saxlandığı haqda məlumatı olmayıb və ən mühümü, onlar yardımın verildiyi haqda heç bir şey bilməyib. Bu, sadəcə bir əsas faktla bağlıdır. Demokratlar heç vaxt Amerika xalqının istəyini qəbul etməyiblər.”
Komitə maddələri təsdiq etdikdən sonra Demokratların nəzarətində olan Nümayəndələr Palatasının gələn həftə tam tərkibdə səs verəcəyi gözlənilir.
Nümayəndələr Palatası gözlənildiyi kimi, tam tərkibdə bu maddələrə səs versə, məsələ Respublikaçıların əksəriyyətdə olduğu Senata çıxarılacaq. Senatdakı əksəriyyətin lideri Mitç Makkonnell bunun gələn ay baş verə biləcəyini deyib.
Senatda məhkum olsa, Tramp vəzifəsindən kənarlaşdırıla bilər. Lakin bunun baş verəcəyi gözlənilmir, çünki 100 yerlik Senatda lazım olan 67 səsi almaq üçün azı 20 Respublikaçı Demokratların tərəfində olmalıdır.