Accessibility links

Nümayəndələr Palatası iqtisadi yardım paketini təsdiq edib


ABŞ Konqresinin Nümayəndələr Palatası çərşənbə günü prezident Baydenin koronavirusla əlaqədar 1,9 trilyon dollarlıq iqtisadi yardım paketi layihəsini təsdiq edib. Amerika ailələri və biznes müəssisələrinə maliyyə dəstəyi verilməsinə yönəlmiş iqtisadi yardım paketinin təsdiq edilməsi yanvarın 20-də hakimiyyətə gələn prezident Baydenin ilk böyük qanunvericilik qələbəsi hesab edilir. Qanun layihəsi imzalanmaq üçün Baydenə göndərilib.

Ağ Evin sözçüsü Cen Psakinin sözlərinə görə, ABŞ prezidentinin qanun layihəsini cümə günü imzalayacağı gözlənilir.

Qanun layihəsi 220 lehinə, 211 əleyhinə səslə qəbul edilib.

“Biz prezident Baydenin yardımın yolda olduğu vədinə qoşuluraq, qəbul edilən və imzalanan kimi bu qanun layihəsində nəzərdə tutulmuş həyat əhəmiyyətli resursların dərhal çatdırılması işinə başlayacağıq” - deyə, səsvermədən bir qədər öncə Nümayəndələr Palatasının spikeri Nensi Pelosi bildirib.

İqtisadi yardım paketində yüksək gəliri olanlardan başqa bütün digər şəxslərə 1400 dollarlıq çeklərin göndərilməsi, eləcə də isşiz qalmış insanlara sentyabr ayının əvvəlinə qədər həftədə 300 dollar məbləğində hökumət yardımının davam etdirilməsi nəzərdə tutulur. Ştat və şəhər hökumətlərinin pandemiya ilə mübarizə səyləri üçün qanun layihəsində 350 milyard dollar ayrılıb.

Yardım paketində həmçinin koronavirus testləri, kontaktların izlənməsi, vaksinlərin paylanması üçün milyardlarla dolların ayrılması və keçən il fəaliyyətlərini dayandırmalı olmuş bizneslərə yeni yardım nəzərdə tutulur.

Respublikaçı qanunvericilər iqtisadi yardım paketinin çox böyük olduğunu və iqtisadi yardıma ən çox ehtiyacı olanları kifayət qədər əhatə etmədiyini bildirərək, qanun layihəsinə etiraz edib.

Senat qanun layihəsini bəzi düzəlişlərin edilməsindən sonra şənbə günü təsdiq edib. Bu düzəlişlərə federal səviyyədə minimum əmək haqqının yüksəldilməsi haqda maddənin çıxarılması daxildir.

XS
SM
MD
LG