Accessibility links

Nümayəndələr Palatası Trampı yenidən impiç etməyə çalışır


ABŞ Konqresinin Demokratların nəzarətində olan Nümayəndələr Palatası prezident Donald Trampın prezidentliyinin son günlərində onun yenidən impiç edilməsi barədə təşəbbüs irəli sürüb. Qanunvericilər Trampı keçən həftə Kapitoli binasına hücum edən tərəfdarlarını “üsyana təhrik etməkdə” günahlandırıb.

Trampın dörd illik prezidentlik müddətinin yanvarın 20-də bitməsinə baxmayaraq, dörd səhifəlik impiçment qərarında Trampın “vəzifəsində qalmasına icazə verilsə, milli təhlükəsizlik, demokratiya və Konstitusiya üçün təhlükə olaraq qalacağını nümayiş etdirdiyi" deyilir.

Nümayəndələr Palatası Demokratların az səs çoxluğu ilə bir və ya iki gün müddətində impiçment qətnaməsini səsə qoya bilər. Sənəd 218 Demokrat nümayəndə tərəfindən imzalanıb və bununla 435 üzvlük Palatada hakimiyyətdən gedən Respublikaçı prezidentin əleyhinə heç bir Respublikaçı nümayəndənin səsi olmadan lazım olan çoxluq təmin edilib.

Lakin Nümayəndələr Palatasının liderlərinin Trampın yaxın zamanda hakimiyyətdən gedəcəyi nəzərə alınaraq, impiçment qətnaməsini onun təqsirli bilinib vəzifəsindən kənarlaşdırılıb-kənarlaşdırılmamasına baxılmaq üçün dərhal Senata göndərib-göndərməyəcəyi aydın deyil.

Nümayəndələr Palatasının spikeri Nensi Pelosi prezident Donald Trampın kabinetini onun vəzifəsindən kənarlaşdırılması üçün 25-ci düzəlişi tətbiq etməsinə çağıran qətnamə təklif edəcəyini bildirib.

Pelosi bazar günü Demokrat həmkarlarına yazdığı məktubda vitse-prezident Mayk Pensin 24 saat ərzində cavab verməyəcəyi təqdirdə, Palatanın impiçment prosesinə başlayacağını qeyd edib.

ABŞ-ın prezidenti seçilmiş Co Bayden vəzifəsinin icrasına başladığı zaman əsas diqqəti Senatın ilk növbədə onun kabinetinə irəli sürdüyü təyinatları təsdiqləməsi və koronavirus pandemiyası nəticəsində zəifləmiş ABŞ iqtisadiyyatına əlavə yardımın təsdiqlənməsi kimi məsələlərə yönəltmək istədiyini bildirib.

Nümayəndələr Palatası Trampı ilk dəfə 2019-cu ilin dekabr ayında vəzifəsindən sui-istifadə etmək və Konqresin işinə maneə törətmək ittihamları ilə impiç etmişdi. Tramp Ukraynaya Baydenlə bağlı istintaq aparması üçün təzyiq göstərərək, səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilmişdi. Lakin 2020-ci ilin fevral ayında ABŞ Senatı Trampa bəraət vermişdi.

XS
SM
MD
LG