Accessibility links

Nümayəndələr Palatasında Demokratlar Trampın vəkilini impiçmentlə əlaqədar sənədlər təqdim etməyə çağırıb


ABŞ Nümayəndələr Palatasında Demokrat qanunvericilər prezident Donald Tramp üzərində apardıqları impiçment araşdırması çərçivəsində onun şəxsi vəkili və dövlət katibindən bəzi sənədləri təqdim etmələrini tələb edib. Bundan əlavə Nümayəndələr Palatasında bu həftə ABŞ-ın Ukrayna siyasəti ilə məşğul olan sabiq rəsmilərin dinləmələri keçiriləcək.

Palatanın xarici əlaqələr, kəşfiyyat və nəzarət komitələrinin başçıları dövlət katibi Mayk Pompeoya araşdırmaya aid sənədləri təqdim etməsi üçün cümə axşamınadək vaxt verib. Araşdırma kəşfiyyat orqanlarının bir işçisinin “Trampın vəzifəsindən sui-istifadə edərək xarici ölkənin 2020-ci il prezident seçkisinə müdaxiləsini istəməsi” ilə bağlı şikayət etməsi nəticəsindnə başladılıb.

Sədrlər Eliot Engel, Adam Şiff və Elaycah Kamminqs həmçinin bazar ertəsi Trampın vəkili Rudi Culianini oktyabrın 15-dək sənədlər təqdim etməyə çağırıb.

Rudi Culiani
Rudi Culiani

Onlar Culianini “tək başına hərəkət etmədiyinə və bu məsələdə Tramp administrasiyasının digər rəsmilərinin əli olduğuna işarə edən” telefon mesajları, telefon danışıqlarının siyahısını və digər kommunikasiya sənədlərini tələb edib.

Culiani Twitter hesabında yazıb ki, o, bu çağırışı “müvafiq olaraq nəzərdən keçirəcək”.

Culiani Demokratları “impiçment üçün səbəblərinin olmamasında” günahlandırıb və diqqəti Trampın Bayden haqqında irəli sürdüyü ittihamlara çəkib.

Trampla bağlı şikayət irəli sürən şəxs onun Ukrayna prezidenti Volodimir Zelenskidən keçmiş vitse-prezident Co Baydenin 2020-ci ildə keçiriləcək seçkidə Demokratlar partiyasından namizədliyi qazanaraq Trampın rəqibi olmasının qarşısını alacaq və ona xələl gətirəcək Bayden və oğlu barədə məlumat toplamağa yardım etməsini istədiyini bildirib.

Tramp isə bazar ertəsi bir daha bildirib ki, onun iyulun 25-də Zelenski ilə telefon danışığı “qüsursuz” olub.

Prezident şikayət edən şəxslə görüşmək istəyir və bazar ertəsi onunla bağlı daha çox məlumat əldə etmək istəyini dilə gətirib.

Şikayətçinin vəkilləri isə onun təhlükəsizliyi ilə bağlı narahtlıqlarını ifadə edib və onun kimliyinin gizli qalmasının vacibliyini vurğulayıb.

XS
SM
MD
LG