Accessibility links

Nümayəndələr Palatasında Trampın impiçmenti üzrə tarixi səsvermə


ABŞ Konqresinin Nümayəndələr Palatasında tarixi anlar yaşanır – Palata tam tərkibdə ABŞ prezidenti Donald Trampın impiç edilməsi üzrə səsvermə keçirir.

Nümayəndələr Palatasında çoxluq təşkil edən Demokratlar Donald Trampa qarşı xarici ölkəyə, Ukraynaya siyasi rəqiblərini təhqiq etmək üçün təzyiq göstərərək, prezident kimi vəzifəsindən sui-istifadə etmək və Konqres təhqiqatı ilə əməkdaşlıq etməkdən imtina edib, Konqresin işinə əngəl yaratmaqda ittiham edirlər.

Demokratların prezidentə qarşı irəli sürdüyü impiçment maddələrinin biri Trampın Ukrayna prezidenti Volodimir Zelenskiyə onun 2020-ci il prezident seçkilərində əsas rəqiblərindən biri olan keçmiş vitse-prezident, demokrat Co Bayden və onun Ukraynanın Burizma şirkətinin direktorlar heyətinin üzvü olmuş oğlu Hanter Baydenlə bağlı təhqiqat aparmaq və Trampın qələbəsinə mane olmaq məqsədilə 2016-cı il seçkilərinə Ukraynanın müdaxilə etdiyinə dair nəzəriyyəni qəbul etməsi üçün təzyiq göstərərək vəzifəsindən sui-istifadə etməklə bağlıdır.

İkinci maddəyə görə isə Tramp Ukrayna ilə bağlı minlərlə səhifədən ibarət sənədlərin impiçment təhqiqatçılarına təqdim etməkdən imtina etmək və müşavirlərinin Demokratların nəzarətində olan komitələrdə Trampın hərəkətləri ilə bağlı dinləmələrdə iştirak etməsinin qarşısını almaqla Konqres təhqiqatına əngəl yaratmaqdan ibarətdir.

Nümayəndələr Palatasında impiçmentin səsverməyə qoyulmasından öncə gün ərzində Trampa sadiq respublikaçılar və prezidentin Ukrayna ilə davranışına görə vəzifəsinə uyğun olmadığını deyən demokratlar arasında müzakirələr aparılır. Altı saat sürəcəyi gözlənilən müzakirələrdən sonra impiçment maddələri səsə qoyulacaq.

Demokratların nəzarətində olan Nümayəndələr Palatasındakı səsvermənin nəticələri şübhə doğurmur: Respublikaçı Donald Tramp Amerikanın 243 illik tarixində impiç ediləcək üçüncü ABŞ prezidenti olacaq.

Tramp özü impiçment maddələrinə etiraz edir. O, Nümayəndələr Palatasında impiçment səsverməsindən öncə müzakirələrin başlamasından əvvəl Twitter səhifəsində bunları yazıb: “İnanırsınızmı, mən bu gün radikal-solçu, heç bir iş görməyən demokratlar tərəfindən impiç ediləcəm. Mən heç bir yanlış iş görməmişəm. Bu, dəhşətdir. Stenoqramları oxuyun. Bu, bir də heç bir prezidentin başına gəlməməlidir. Dua edin!”

İmpiçment səsverməsindən öncə çərşənbə axşamı günü Nümayəndələr Palatasının spikeri Nensi Pelosiyə göndərdiyi məktubda Tramp Demokratların “ədaləti təhrik etmək”də və “çevrilişə cəhd”də ittiham edərək, oponentlərin “Amerika demokratiyasına müharibə elan etdiyini” bildirib.

Vaşinqtonda Nümayəndələr Palatasında səsvermə prezident Trampın Miçiqan ştatında kampaniya tədbirində danışacacağı vaxt keçiriləcək. Miçiqan 2016-cı ildə Trampın ABŞ-ın 45-ci prezidenti seçilməsində mühüm rolu olan ştatlardan biridir.

Trampın Respublikaçı tərəfdarları onu əzmlə müdafiə edərək, onlardan heç birinin impiçmentə səs verməyəcəyini bildirib. Respublikaçılar Trampın yanlışlığa yol vermədiyini irəli sürür və Trampın Zelenski Baydenlərlə bağlı təhqiqata başlamadan Ukraynaya hərbi yardımı ayırmasının prezidentin “əvəz-əvəz”-hərbi yardımı siyasi məqsədli təhqiqatla əlaqələndirmədiyinə sübut olduğunu iddia edir.

İmpiçment maddələrinin hər biri üzrə səsvermədən sonra Nümayəndələr Palatasının spikeri Pelosiyə Senatda məhkəmə üçün prokurorlardan ibarət qrupun üzvlərini seçmək səlahiyyəti verəcəyi gözlənilir. Nümayəndələr Palatasında impiçment prosesi ilə bağlı dinləmələrdə mühüm rolu olmuş Kəşfiyyat komitəsinin sədri Adam Şiff və Ədliyyə komitəsinin sədri Cerold Nadler bu qrupa üzvlüyə əsas namizədlər arasındadır.

Senatda Ali Məhkəmənin hakimi Con Robertsin sədrdliyi ilə məhkəmənin yanvar ayında başlayacağı gözlənilir.

Senatda Respublikaçı əksəriyyətin lideri Mitç Makkonnell və azlıqda olan demokratların lideri Çak Şumer məhkəmənin necə keçirilməsi ilə bağlı danışıqlara və prosesə nəzarət etməyə başlayıb.

Makkonnell prosesdə partiya təəssübkeşliyi tonuna start verərək, münsiflər məhkəməsinin “qərəzsiz üzvü” olmayacağını elan edib.

Respublikaçıların əksəriyyət təşkil etdiyi Senatın Trampı məhkum edib, vəzifəsindən uzaqlaşdırmayacağı gözlənilir.

XS
SM
MD
LG