Accessibility links

Nəcmin Kamilsoy: Dövlət Departamentinin hesabatında vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlər detallı əks etdirilib


Nəcmin Kamilsoy: Dövlət Departamentinin hesabatında vətəndaş cəmiyyətinə qarşı məhdudiyyətlər detallı əks etdirilib
please wait

No media source currently available

0:00 0:13:33 0:00

ABŞ Dövlət Departamentinin dünya ölkələrində insan hüquqlarının durumuna dair illik hesabatının Azərbaycanla bağlı hissəsində ciddi insan haqları pozuntularının olduğu bildirilir. Bu pozuntular arasında qanunsuz həbslər, işgəncə halları, siyasi məhbuslar, özəl həyata müdaxilə, ölkə xaricində şəxslərə qarşı siyasi motivli repressiyalar yer alıb. Hesabatda vətəndaş cəmiyyətinin qarışlaşdığı məhdudiyyətlər, toplaşmaq və birləşmək azadlığı, siyasi iştiraka ciddi müdaxilənin olduğu qeyd edilir. Beynəlxalq müşahidəçilər və yerli hüquq müdafiəçiləri Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı təzyiqlərin artması ilə bağlı narahatlıqlarını bildirir. Praqada Karlov Universitetinin doktorantı, təhlilçi Nəcmin Kamilsoy Amerikanın Səsinə müsahibədə ABŞ Dövlət Departamentinin illik hesabatında Azərbaycanda insan haqları sahəsində durum və vətəndaş cəmiyyətinə məhdudiyyətlərlə bağlı qiymətləndirməni şərh edib.

“İlk növbədə, onu vurğulamaq lazımdır ki, hesabat detallı və olduqca genişdir. Azərbaycanda 2020-ci ildə baş vermiş hüquq pozuntuları, azadlıqlarla bağlı pozuntuları geniş formada, detallı formada əhatə edir və müzakirə edir. Burada ən ciddi məsələlər arasında öldürülmə, işgəncəyə məruz qoyma, qanunsuz həbslər var. Amma çox narahatçılıq doğuran məsələlərdən biri də birləşmə azadlığı ilə bağlı hissəsidir. Birləşmə azadlığı ilə bağlı hissəsində xüsusi bir yenilik yoxdur, bu son bir neçə ildə təkrarlanan, təkrar-təkrar vurğulanan məsələlərdir. Burada xüsusilə də qeyri-hökumət təşkilatlarına yaradılan maneələrdən bəhs olunur. Bu maneələr müxtəlif formada öz təzahürünü tapır. İlk növbədə təbii ki, qeydiyyat məsələsi var. Qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti təşkilatlarının qeydiyyatı ilə bağlı ciddi bürokratik və siyasi əngəllər var.”

Nəcmin Kamilsoy vətəndaş cəmiyyətinə qarşı məhdiyyətlərin təkcə qeyri-hökumət təşkilatları ilə məhdudlaşmadığını qeyd edib.

“Qanuvericilikdən gələn məhdudlaşdırıcı tədbirlər əsasən qeyri-hökumət təşkilatlarını hədəfləyir, amma digər vətəndaş cəmiyyəti təşkilatları, gənclər icmaları, sosial təşəbbüslər, müxtəlif qruplar ki, son dövrlərdə biz görürük, məsələn, feminist qruplar ola bilər və ya ətraf mühitlə məşğul olan qruplar, bu qrupların da üzləşdiyi ciddi problemlər var. Məsələn, sərbəst toplaşmaq azadlığına qoyulan məhdudiyyətlər, demokratiya yönümlü təşkilatlara dövlət tərəfindən qarayaxma kampaniyalarının aparılması, onların bölgələrə çıxışlarına mane olması və ya onların sosial mediada ifadə azadlıqlarından istifadə etdiklərinə görə təqib olunması və s. Yəni, bu, vətəndaş cəmiyyəti ilə, birləşmə azadlığı ilə bağlı bölmədə əsasən QHT-lərdən bəhs olunsa da, digər vətəndaş cəmiyyəti qruplarına qarşı da məhdudiyyətlər qeyd olunub hesabatda.”

Dövlət katibi Entoni Blinken hesabatı açıqlayarkən insan hüquqları, şəffaflıq və hesabatlılığın ABŞ-ın xarici siyasətinin əsas diqqət mərkəzində olduğunu bildirib. Blinken qarşıda görülməli işlərin olduğunu etiraf edib və Birləşmiş Ştatların bütün ölkələrin insan hüquqları və azadlıqlara hörmət etməsini gözlədiyini deyib.

Nəcmin Kamilsoy bildirib ki, Dövlət Departamentinin detallı hesabat hazırlaması Birləşmiş Ştatların bu ölkələrdə insan haqları sahəsində vəziyyəti diqqətlə izlədiyini göstərir. O, ABŞ-ın yeni administrasiyasının insan hüquqları məsələsinə diqqətini qeyd edib.

“Administrasiyanın rəhbərləri, başda Bayden olmaqla, Dövlət Departamentinin rəhbəri Blinken qeyd ediblər ki, artıq bu qısa müddətdə insan hüquqları Amerikanın xarici siyasətinin mərkəzində olacaq, həm də insan hüquqları Amerika xarici siyasətini formalaşdıran əsas amillərdən biri olacaq. Bu baxımdan bu hesabatın əhəmiyyəti böyükdür. Həm də qeyd olunur ki, Amerika müxtəlif ölkələrdə hüquq pozuntularına və ümumilikdə insan hüquqları ilə bağlı vəziyyətə necə reaksiya verəcək, indiyə kimi rəsmilər tərəfindən qeyd olunub. Məsələn, bunları anlamaq olar ki, Amerika iqtisadi əməkdaşlıqda həmin ölkələrdəki insan hüquqları mexanizmlərinin işləkliyi və ya demokratik institutların işləkliyinə xüsusi önəm vurğulayacaq və ya məsələn, riskli şəraitdə, avtoritar şəraitdə fəaliyyət göstərən jurnalistlərə, hüquq müdafiə qruplarına və digər şəffaflıqla bağlı çalışan qruplara ciddi dəstəyini ifadə edəcəyi bildirilir. Təbii ki, üçüncü və daha geniş, aktiv formada istifadə olunmağa başlayan mexanizmlərdən bir sanksiyalardır.”

Nəcmin Kamilsoy ABŞ-ın insan hüquqlarının pozulması ilə əlaqədar Rusiya və Çin rəsmiləri və şirkətlərinə qarşı artıq sanksiyalar tətbiq etdiyini vurğulayıb. O həmçinin sanksiyaların tətbiq edilməsində “normativ əsaslardan əlavə olaraq, həm də geo-siyasi əsasların” olduğunu qeyd edib.

“Azərbaycana münasibətdə həmin siyasətin necə olacağını indidən müəyyənləşdirmək, bununla bağlı proqnoz vermək çətindir. Amma bu da o demək deyil ki, Azərbaycanda insan hüquqlarının davamlı şəkildə pozulmasına görə məsuliyyət daşıyan şəxslər həmin sanksiyalardan qarantiya olunublar.”

Dövlət Departamentinin hesabatında Azərbaycan hökumətinin insan haqlarını pozan əksər rəsmiləri cəzalandırmadığı və cəzasızlığın problem olaraq qaldığı göstərilib. Nəcmin Kamilsoy bildirib ki, hökumətin “problemləri öyrənib onların həllinə təşəbbüs göstərmək üçün kifayət qədər resursu var”.

“Amerikanın yeni administrasiyasının seçdiyi ritorikadan aydın olur ki, hazırkı məqamda bu sahədə əgər proqress, inkişaf olmasa və ötən illərdəki kimi geriləmə olsa, müsasibətlərdə heç də müsbət olmayan istiqamətdə dəyişiklik ola bilər” – deyə, o bildirib.

Azərbaycan hakimiyyəti ölkədə fundamental hüquqların, o cümlədən söz, mətbuat, internet, toplaşmaq azadlığının tam təmin edildiyini, insanların iradəsinə görə təqib edilmədiyini bəyan edir.

  • 16x9 Image

    Dilşad Əliyarlı

    Jurnalist və yazar Dilşad Əliyarlı 20 ildən artıqdır "Amerikanın səsi"ndə çalışır. Azərbaycan xidmətində televiziya proqramlarının yaradıcılarından biri olan Dilşad Əliyarlı "Amerika icmalı" proqramının redaktoru və aparıcısıdır. Dilşad Əliyarlı ABŞ-dan Azərbaycan dilində yayımlanan ilk televiziya xəbər proqramının ilk aparıcısı olub. 

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG