“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində 43 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.
Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinin noyabrın 26-da yaydığı məlumatda deyilir.
Məlumata görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.
Xatırladaq ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.
Rəsmi məlumata görə, “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında Saziş” çərçivəsində bu ilin 11 ayı ərzində 383 nəfərin Avropa İttifaqı ölkələrindən Azərbaycana readmissiyası həyata keçirilib.