Accessibility links

28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan readmissiya olunub


İyunun 1-də “Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında saziş” çərçivəsində 28 nəfər Azərbaycan vətəndaşı Almaniyadan ölkəyə geri qəbul edilib.

Bu barədə Azərbaycan Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən Amerikanın Səsinə bildiriblər.

Məlumatda deyilir ki, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Bu gün, həmçinin sosial şəbəkələrdə readmissiyaya məruz qalan Azərbaycan vətəndaşlarından birinin özünə xəsarət yetirdiyi barədə məlumatlar yayılıb.

“Almaniyadan deportasiya ediləcək şəxs, Azərbaycan vətəndaşı İlkin Ələkbərov onu aparmağa gələn miqrasiya əməkdaşları və polislərin gözü önündə ülgüclə qol damarlarını kəsib. Hazırda vəziyyəti orta-ağırdır,” Almaniyada yaşayan mühacir Həbib Müntəzir Facebook səhifəsində yazıb.

Bununla yanaşı, rəsmi mənbələr hələ bu məlumata münasibət bildirməyib.

Bu il sonuncu dəfə aprelin 28-də Almaniyanın Düsseldorf şəhərindən 50-yə yaxin azərbaycanlı ailəsi Azərbaycana gətirilib.

Rəsmi məlumatlar görə, bu il ümumilikdə Almaniyadan yüzdən çox miqrant ailəsi Azərbaycana readmissiya olunub.

Şərhlərə bax

XS
SM
MD
LG