Accessibility links

521 nəfər COVID-19-a yoluxub, 6 nəfər vəfat edib


İyunun 27-də COVID-19 statistikası

İyunun 27-də Azərbaycanda 521 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 15,890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8,719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib. 6,978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5,646, ötən müddət ərzində isə ümumilikdə 461 min 861 test aparılıb.

Xəstəxanalarda çarpayıların sayı artırılacaq

Bu gün, iyunun 27-də baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilən videomüşavirədə pandemiya ilə mübarizəyə dair son vəziyyət müzakirə edilib.

Baş nazir bildirib ki, iyunun ortalarından başlayaraq COVID-19-a yoluxma halları çoxalıb və bu, hökuməti ciddi narahat edir.

Əsədov icra strukturlarına xəstəxana çarpayılarının sayının artırılması, maddi-texniki bazanın gücləndirilməsi işini sürətləndirməklə bağlı göstəriş verib.

Cərimələr iki dəfə artırılır

Yerli medianın məlumatına görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr iki dəfə artırılır.

Belə ki, İnizbati Xətalar Məccələsinə təklif edilən dəyişikliyə görə, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.

Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.

Qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxma halı bir neçə dəfə artıb.

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Daha sonra isə iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin sistemi tətbiq edilib, SMS-icazə sisteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alır. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

İyunun 25-də baş nazir Əli Əsədov karantin dövründə iş yerində işləməyə icazə verilən işçilərin sayının azaldılması barədə qərar imzalayıb.

Qərara görə, Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayı həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən, iş və xidmət sahələri üzrə mülki-hüquqi müqavilə ilə işləyənlərə verilən icazələrin sayı isə əmək müqaviləsi ilə işləyənlərin ümumi sayının 30 faizindən çox olmamalıdır.

Şərhlərə bax

XS
SM
MD
LG