Accessibility links

132 nəfər koronavirusa yoluxub, ölənlərin sayı 52 nəfərə çatıb


Mayın 26-da Azərbaycanda 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 78 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Hazırkı dövrədək Azərbaycanda 4403 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2819 nəfər müalicə olunaraq sağalıb, 52 nəfər vəfat edib, 1532 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 42 nəfərin vəziyyəti ağır, 56 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 276 338 test aparılıb.

Martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirlər ləğv edilib. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Mayın 18-dən karantin rejimi yumşaldılıb. SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirilməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

Bununla yanaşı, Azərbaycan hökuməti mayın 22-də sərhədlərin tədricən açılması və təyyarə uçuşlarının bərpası üçün proqram hazırladığını bəyan edib.

XS
SM
MD
LG