Accessibility links

44 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib


Koronavirus
Koronavirus

Aprelin 24-də Azərbaycanda 44 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 65 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, bir nəfər isə vəfat edib.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumada deyilir ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, arterial hipertenziya, aterosklerotik kardio skleroz, ürəyin işemik xəstəliyi olan 1935-ci il təvəllüdlü vətəndaş vəfat edib.

Bundan əlavə məlumatda qeyd olunub ki, hazırkı dövrədək ölkədə 1592 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1013 nəfər müalicə olunaraq sağalıb, 21 nəfər vəfat edib, 558 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 16 nəfərin vəziyyəti ağır, 23 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 114.410 test aparılıb.

Koronavirusla mübarizə çərçivəsində hökumət martın 14-dən Azərbaycanda bütün kütləvi tədbirləri ləğv edib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb.

Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib və bu rejim mayın 4-dək davam edəcək.

65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına qadağa tətbiq edilib. Martın 31-dən paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə 8103 nömrəsinə SMS məlumat göndərilməlidir. Yalnız SMS sorğusuna müsbət cavab aldıqdan sonra küçəyə çıxmaq mümkündür.

XS
SM
MD
LG