Accessibility links

97 nəfər koronavirusa yoluxub, bir nəfər vəfat edib


Koronavirus

Mayın 10-da Azərbaycanda 97 yeni koronavirus infeksiyasına (COVID-19) yoluxma faktı qeydə alınıb, 30 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda vurğulanır ki, bir şəxs vəfat edib.

Qurum qeyd edib ki, ölən COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertenziya, şəkərli diabet, xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü ölkə vətəndaşı olub.

Hazırkı dövrədək ölkədə 2519 nəfərin koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 33 nəfərin vəziyyəti ağır, 40 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Qərargah bildirib ki, indiyə kimi koronavirus infeksiyasına yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 193 411 test aparılıb.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır. Martın 31-dən də mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Aprelin 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəyə giriş-çıxış qadağasının mayın 31-nə qədər uzadıldığını elan edib.

XS
SM
MD
LG