Accessibility links

158 nəfər koronavirusa yoluxub, Kiyevdən gələn 29 nəfərin testi müsbət çıxıb


Koronavirus
Koronavirus

Mayın 16-da Azərbaycanda 158 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 58 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumatda deyilir ki, hazırkı dövrədək ölkədə 3 138 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1 944 nəfər müalicə olunaraq sağalıb, 36 nəfər vəfat edib, 1 158 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 41 nəfərin vəziyyəti ağır, 52 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 226 005 test aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva isə bildirib ki, mayın 14-də AZAL-ın Kiyev-Bakı çarter reysi ilə 197 vətəndaş ölkəyə geri dönüb və onlardan 29 nəfərdə COVID-19 testi müsbət çıxıb.

"Öz tərəfimizdən dəfələrlə vətəndaşlarımıza olduqları ölkələrdə karantin qaydalarına ciddi əməl olunmasının və səfərlərdən çəkinmənin həm özlərinin və yaxınlarının sağlamlığının qorunması, həm də ölkəmizdə infeksiyanın geniş yayılmasının qarşısının alınması baxımından zəruri olduğunu qeyd etmişik.

Bir daha vətəndaşlarımıza səslənərək, öz sağlamlıqlarının, eləcə də Azərbaycan xalqının sağlamlığının təmin edilməsi naminə mövcud müvəqqəti çətinlik şəraitində anlayış nümayiş etdirmələrini, mümkün olduğu qədər olduqları yerlərdə qalmalarını və səfərlərdən çəkinmələrini xahiş edirik," Abdullayeva qeyd edib.

Ölkədə karantin rejimi yumşaldıqdan sonra infeksiyaya yoluxma halı azı üç dəfə çoxalıb. Mayın 15-də 101 nəfərdə yoluxma aşkalanıbsa, bu gün artıq yoluxma halı 57 nəfər çox olub.

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Dünən Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən karantin rejiminin yenidən yumşaldılması barədə qərar qəbul edib. Qərara görə, mayın 18-dən SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılır.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG