Accessibility links

121 nəfər koronavirusa yoluxub, yoluxma halları artmaqda davam edir


Mayın 14-də Azərbaycanda 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Məlumata görə, hazırkı dövrədək ölkədə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1833 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214 291 test aparılıb.

Qısa məlumat

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.

Martın 31-dən də mayın 9-dək paytaxt Bakıda metroda fəaliyyət dayandırılıb.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Aprelin 29-da Nazirlər Kabineti yanında Operativ Qərargah ölkəyə giriş-çıxış qadağasının mayın 31-nə qədər uzadıldığını elan edib.

Karantinə yerləşdirmə halları arta bilər

Məlumatların təhlili göstərir ki, karantin rejimi yumşaldıldıqdan sonra infeksiyaya yoluxanların sayı xeyli artıb. Belə ki, son 10 günün (mayın 4-dən 14-dək) statistikasına görə, ölkədə 826 yeni yoluxma halı aşkarlanıb, 348 nəfər sağalaraq evə buaxılıb.

Bununla yanaşı, müşahidəçilər yoluxma və karantinə yerləşdirmə hallarının bundan sonra da artacağını təxmin edir. Belə ki, yalnız Rusiya və Türkiyədə yüz minlərlə Azərbaycan vətəndaşı yaşayır və onların bir hissəsinin Azərbaycana gəlmə ehtimalı var. Çünki Rusiyada və Türkiyədə karantin rejimi dövründə xarici ölkə vətəndaşlarının sosial müdafiəsi zəifdir. Doğrudur, Azərbaycan səfirlikləri bu ölkələrdə yaşayan vətəndaşları imkan daxilində maddi yardım edir, tibbi yardımın qarşılanmasında dəstək olur. Amma ölkələrin ərazisi böyük və karantin rejimi dövründə insanlarla əlaqə saxlamaq da çox çətindir.

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, 18-31 may tarixlərində xaricdə olan azərbaycanlılar xüsusi çarter reysi ilə Azərbaycana gətiriləcək.

“MDB və Avropa İttifaqı ölkələrindən, habelə Avropada yerləşən ölkələrdən Azərbaycana çarter reysi həyata keçiriləcək,” o qeyd edib.

Onun sözlərinə görə, mayın 5-də quru sərhəd vasitəsilə 94 nəfər vətəndaşın İrandan Azərbaycana keçidi təmin olunub.

“İstanbuldan mayın 7-də 212 vətəndaş ölkəyə gətirilib. Mayın 8-də Daşkənddən 50 nəfər, mayın 11-də Baltikyanı ərazilərdən 52 nəfər, mayın 12-də Rusiyada təhsil alan azərbaycanlıların ölkəyə gətirilməsi təmin edilib. 124 nəfərin Minskdən gətirilməsi həyata keçirilib. 14 mayda isə Kiyevdən 198 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur. Ölkəyə gətirilən şəxslər karantin müəssisələrinə yerləşdirilir və lazımi yardım göstərilir," o qeyd edib.

Göründüyü kimi xaricdən, xüsusilə Rusiyadan Azərbaycana daxil olan insanların virus daşıyıcısı olması ehtimalı daha böyükdür. Son günlər Rusiya dünayada koronavirusun ən çox yayıldığı iki ölkədən biridir.

Rusiya rəsmi qurumlarının məlumatına görə, hazırda Azərbaycanla sərhəddə və Dərbənd şəhərində Azərbaycana keçmək istəyən 650 nəfərə yaxın adam var.

XS
SM
MD
LG