Accessibility links

113 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, iki nəfər həyatını itirib


Koronavirusa həftələr üzrə yoluxma
Koronavirusa həftələr üzrə yoluxma

Mayın 20-də Azərbaycanda koronavirus infeksiyasına 113 yeni yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1963 və 1966-cı il təvəllüdlü iki nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 3631 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2253 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər vəfat edib, 1335 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 46 nəfərin vəziyyəti ağır, 64 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 245 609 test aparılıb.

Azərbaycanda koronavirusa yoluxma
Azərbaycanda koronavirusa yoluxma

Martın 14-dən Azərbaycanda bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən orta və ali məktəblərdə dərslər dayandırılıb. Martın 24-dən etibarən ölkədə xüsusi karantin rejimi elan edilib.

Aprelin 5-dən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Dövlət əhəmiyyətli sahələrdə çalışanlar istisna olmaqla, insanlar yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər.

Bundan ötrü 8103 nömrəsinə SMS məlumat göndərilməli və müsbət cavab aldıqdan sonra 2 saat müddərində küçəyə çıxmaq olardı.

Nazirlər Kabineti aprelin 27-dən karantin rejimi ilə bağlı tətbiq edilən məhdudiyyətlərin qismən yumşaldılması barədə qərar qəbul edib. Belə ki, aprelin 27-dən bir sıra xidmət və ticarət sahələri fəaliyyətə başlayıb. Yaşayış yerini tərk etmək üçün 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazələrin müddəti 2 saatdan 3 saatadək artırılıb.

Mayın 15-də Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 18-dən karantin rejiminin yenidən yumşaldılması barədə qərar qəbul edib. Qərara görə, mayın 18-dən SMS icazə ilə insanların evdən çıxması, xüsusi vəsiqə və arayışlarla işə çıxma sistemi ləğv edilib. 65-dən yuxarı yaşı olan insanların evdən çıxmasına tətbiq edilən qadağa aradan qaldırılıb. Restoranlar, kafelər, ictimai iaşə obyektləri, parklar açılıb.

Bununla yanaşı, kütləvi tədbirlərin keçirlməsinə tətbiq edilən qadağalar qüvvədə qalacaq. 10 nəfərdən çox insanın bir yerə toplanması qadağandır.

Ölkəyə giriş-çıxışa tətbqi edilən qadağa mayın 31-dək qüvvədədir.

XS
SM
MD
LG