Accessibility links

Nəsimi Məmmədli: Məmurların gəlirləri və əmlakı ilə bağlı əlçatımlı informasiya olmalıdır


Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu tərəfindən araşdırma - Pandora sənədləri ilə bağlı Azərbaycanın siyasi təhlilçiləri, hüquq müdafiəçiləri, ictimai-siyasi fəalları ilə müsahibələri davam etdiririk. ​Siyasi məsələlər üzrə ekspert Nəsimi Məmmədli Amerikanın Səsinə müsahibəsində Pandora dosyesinin Azərbaycan ictimaiyyətində geniş rezonans doğurmamasının səbəbləri və ölkədə korrupsiya faktlarının hələ də araşdırılmamasından danışıb.

Nəsimi Məmmədli: Azərbaycan əslində korrupsiya ilə mübarizə adı altında ayrı-ayrı məmurların həbsini həyata keçirir
please wait

No media source currently available

0:00 0:05:07 0:00


Amerikanın Səsi: Pandora dosyesi ilk beynəlxalq araşdırma deyil ki, bu qalmaqallarda Azerbaycanın da hakim elitasının adı keçir. Amma bununla bağlı heç bir hüququ araşdırmalar aparılmır və bir müddət sonra məsələ gündəmdən düşür. Bunun səbəbi nədir?

Ən yüksək səviyyədə hakimiyyət təmsilçilərinin adı ilə bağlı olduğuna görə Azərbaycan daxilində hüquqi araşdırmalar aparılmır.

Nəsimi Məmmədli: İlk növbədə Azərbaycan qeyri-azad ölkədir. Ölkədə hüquq sistemi hakimiyyətin iradəsinə bağlıdır. O araşdırma mövzusu olan məsələlər isə fakitiki olaraq hakimiyyətin ya nümayəndələrinin, ya ən yüksək səviyyədə hakimiyyət təmsilçilərinin adı ilə bağlı olduğuna görə bu məsələdə, əlbəttə, Azərbaycan daxilində hüquqi araşdırmalar aparılmır. Digər bir tərəfdən isə Azərbaycan cəmiyyətində ümumiyyətlə ictimai rəy fenomeni faktiki olaraq çox dağınıqdır, xaotikdir. İnstitutsional şəkildə olmadığına görə o qalıcı nəticə vermir. Məsələn, bir fikirdir yaranır, mövcuddur. İnsanlar o barədə danışır, qısa müddətdən sonra gündəmdən düşür və siyasi nəticə doğurmur. Bunun hamısı onunla bağlıdır ki, uzun müddət günəmdə qala bilmir.

Amerikanın Səsi: Media araşdırmaları özü özlüyündə hüquq-mühafizə orqanları üçün təhqiqat başlanmasına səbəb ola bilərmi?

Nəsimi Məmmədli: Əlbəttə, ola bilər. Bu, Azərbaycan qanunvericiliyində də nəzərdə tutulubdur. Eyni zamanda normativ hüquqi sənədlər də bunu əslində deyir ki, bu araşdırma mövzusu ola bilər. Amma Azərbaycan reallığında qeyd etdiyim kimi bunun araşdırma mövzusu olması çox çətindir.

Amerikanın Səsi: Siyasi partiyalar və vətəndaş cəmiyyəti institutları korrupsiyaya qarşı mübarizədə üzərilərinə düşən ictimai nəzarət funksiyalarını nə dərəcədə səmərəli yerinə yetirirlər?

Azərbaycanda ictimai nəzarət mexanizmi işlək deyil.

Nəsimi Məmmədli: Bu, onunla bağlıdır ki, Azərbaycanda ictimai nəzarət mexanizmi özü işlək deyil. Bu, təkcə siyasi partiyalara, vətəndaş cəmiyyətinə aid deyil. Eyni zamanda dövlət qurumlarının özləri belə xüsusən də nəzərə alsaq ki, Milli Məclis ictimai nəzarət keçirən bir orqandır. Milli Məclisin özü belə bu işi həyata keçirə bilmir. Bunun səbəbini belə izah etmək olar ki, Azərbaycanda ictimai rəy formalaşıb, hansısa məsələ ətrafında rəy yaradan zaman o, hüquqi nəticə doğurmur. Məqsədyönlü şəkildə hakimiyyət elə bir vəziyyət yaradır ki, nə qədər biz, tutaq ki, ictimai nəzarət funksiyasını həyata keçirməyə çalışsaq belə, o, effektli olmur. Bunun effektli olması üçün əlbəttə ölkədə çox ciddi fərqli bir proseslər olmalıdır. Bütövlükdə ictimai iştirakçılığın önü elə açılmalıdır ki, həm qanunvericiliklə həm də praktikada bu nəticələrə gətirib çıxarsın. Bunun hamısı onunla bağlıdır. Ayrı-ayrı qurumların fəaliyyəti ilə bağlı deyil.

Amerikanın Səsi: Ölkədə korrupsiya ilə mübarizə istiqamətində hansı addımlar atılmalıdır və beynəlxalq birlik bu istiqamətdə hansı təsirli tədbirlər görə bilər?

Dövlət satınalmaları ilə bağlı tenderlərin keçirilməsində şəffaf mexanizmlər olmalıdır.

Nəsimi Məmmədli: Bilirsiniz ki, Azərbaycan əslində korrupsiya ilə mübarizə adı altında ayrı-ayrı məmurların həbsini həyata keçirir. Müəyyən, hətta deyərdim ki, çox yüksək səviyyəli məmurlara qədər bu məsələlər gedib çıxır. Amma sonda aydın olan bir məsələ budur ki, korrupsiya davam edir. Korrupsiya ilə mübarizə üçün mütləq mənada konseptual yanaşma olmalıdır. İlk növbədə məmurların gəlir deklarasiyası açıqlanmalıdır. Qanunvericilik imkan verməlidir ki, məmurların gəlirləri ilə bağlı, əmlakı ilə bağlı əlçatımlı informasiya olsun. Bu qanunvericiliklə qorunsun. Eyni zamanda dövlət satınalmaları ilə bağlı tenderlərin keçirilməsi ilə bağlı şəffaf mexanizmlər olmalıdır. İndi online qaydada çox rahatlıqla bunu keçirmək mümkündür. Əvvəllər bu çətinliklər var idisə hansısa komissiyalar təşkil edilsin. Amma indi onu online şəkildə etmək lazımdır.Təəssüflər olsun ki, bunların heç biri edilmir. Bunlar bütövlükdə qanunvericilik bazası ilə qorunan hüquq sistemi yaradılmadan bu mübarizə effektiv ola bilməz. Çünki, bu mübarizənin içərisində aşağıdan yuxarıya qədər hər kəs korrupsiyadan faydalanır. Beynəlxalq təşkilatlarla bağlı əlbəttə bu istiqamətdə müəyyən fikirlər səsləndirilir, qətnamələr qəbul edilir. Biz hətta Pandora sənədi ilə bağlı gördük ki, Avropa parlemanti də belə bir qətnamə qəbul etdi. Bu beynəlxalq sənədlər də Azərbaycan daxilində demək olar ki, təsirli hüquqi qüvvəyə malik deyil. Azərbaycan bu məsələdə yayına bilir. Təəssüfedici bir məqam da budur ki, beynəlxalq qurumlar da sanki israrçı deyil. Onlar da, məsələn, bir müddət bu fikri bildirir, onun ardınca üzərinə düşərək hər hansı bir hüquqi sürəc başlamır.

Xatırlatma

Bu yaxınlarda Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun əldə etdiyi sənədlər beynəlxalq rezonansa səbəb olub. Adı çəkilən sənəddə gizli yollarla sərvətə sahib olan məmurlar və onların ailə üzvlərinin sırasında Azərbaycan prezidenti İlham Əliyevin də adı keçir.

İlham Əliyev prezident olmamışdan əvvəl sahibkar olduğunu xatırladıb.

“Mən bundan əvvəl sahibkar olmuşam, bizneslə məşğul olmuşam. Tərcümeyi-halım da məlumdur. Özü də uğurlu sahibkar olmuşam. Prezident seçiləndə mən kasıb insan deyildim. Prezident olduqdan sonra mən biznesdə birbaşa iştirakımı dayandırdım və biznesi öz ailəmə ötürdüm. Siz bəlkə məni başa düşərsiniz ki, bütün mirasını pişiklərə və itlərə qoyub gedən Qərbdəki digər insanlardan fərqli olaraq, İtaliya və Azərbaycanda biz ailə dəyərlərinə daha çox üstünlük veririk. Buna görə, mən bütün biznesimi uşaqlarıma ötürdüm. Onlar isə səylər göstərib biznesi davam etdirirlər. Onların əsasən Azərbaycanda sərmayələri var. Onların Azərbaycandan kənarda sərmayələri var. Onların bütün biznes fəaliyyəti şəffafdır və beynəlxalq səviyyədə auditdən keçir və heç kəs burada bir şeyin səhv olması iddiası ilə çıxış edə bilməz”, o əlavə edib.

İham Əliyev sənədlərdə yazılanların 5 faiz həqiqət olmasını ehtimal etdiyini deyib.

“Sənədlərdə nə yazılıbsa, səmimi desəm, mən onları oxumamışam. Mənə məlumat verildi və orada ola bilsin 5 faiz həqiqətdir. Qalanı isə yalandır. Amma bir daha bu haqda açıq söyləməyə qanuni haqqım var. Azərbaycanda sirr deyil ki, mənim qohumlarım və ailə üzvlərim biznesdə, xeyriyyəçilikdə və hazırda Qarabağda aparılan bir çox işlərdə iştirak edirlər. Məsələn, mənim yaratdığım Fond hazırda Qarabağda - Ağdamda, Şuşada və Zəngilanda bütün məscidlərin bərpasına sərmayə yatırır. Bu işlər Fondun pulu hesabına maliyyələşdirilir. Biz qaçqınlar üçün evlərin tikintisini maliyyələşdirmişik. Beş mindən çox ailə üçün bu işi görmüşük. Biz Azərbaycanda çox işlər görürük. Əlbəttə ki, bunlar Qərbdə bəzi insanların xoşuna gəlmir. Onlar bizi ittiham etmək istəyirlər. İstəyirlər ki, biz onlara tabe olaq. Bizi iradələrinə tabe etdirmək istəyirlər. Mən isə deyirəm: Yox! Mən Azərbaycanı, onun suverenliyini, müstəqilliyini, seçimini ömrümün sonuna qədər müdafiə edəcəyəm. Bütün həmin çirkin hekayələrin isə mənim və Azərbaycan xalqı üçün heç bir mənası yoxdur,” İlham Əliyev qeyd edib.

Ekspertlər nə deyir?

Araşdırmaçı jurnalist Xədicə İsmayılova Amerikanın Səsinə müsahibəsində ​bu vədigər araşdırmalara Azərbaycanda hələ də hüquq-mühafizə orqanları tərəfindən hər hansı bir reaksiya verilməməsindən danışıb.

Bir müddət əvvəl Amerikanın Səsinə açıqlama verən Xədicə İsmayılova deyib ki, Pandora dosyesində 12 milyondan çox sənəd var. Onun sözlərinə görə, biznes şəffaf olmalıdır ki, bu, kriminal əməllər üçün vasitə olmasın. Bundan əlavə jurnalist Azərbaycanda məmurların 15 ildən artıqdır ki, gəlir bəyannaməsi vermədiyini bildirib.

Daha sonra Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu ilə birlikdə “Pandora Sənədləri” üzərində işləyən Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Təşkilatının (OCCRP)-nın redaktorlarından biri olan İlya Lozovski Amerikanın Səsinə müsahibəsində sənədlərdəki əsas tapıntılar, Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus mülkləri barədə qısa məlumat paylaşıb və beynəlxalq ictimaiyyətin bu əməlllərin qarşısını almaq üçün ata biləcəyi addımları şərh edib.

Onun sözlərinə görə, bu gün ofşor artıq hər hansı bir ada anlamına gəlmir.

"Ofşor Birləşmiş Krallıq, Florida, Cənubi Dakota, Delaver və dünya boyu bir çox yer ola bilər. Zəngin insanlar bu xidmətlərdən istifadə edərək sərvətlərini saxlaya biləcəkləri ofşor şirkətlər qururlar. Bir çox halda bunun legitim səbəbləri olur. Amma biz həmçinin tapmışıq ki, bu ofşor yerlərin təmin etdiyi məxfilik ictimai xadimlər, onların qohumları və başqa insanlar, və bəzi hallarda cinayətkarlara naməlum mənbədən gələn pulları gizlətməyə və əmlak sahibi olmağa imkan verir", İlya Lozovski bildirib.

Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun (BAJK) oktyabrın 3-də açıqladığı "Pandora Sənədləri" adlandırılan sənədlərə əsasən, dünya ölkələrinin hazırkı və keçmiş onlarla lideri dünyanın hər yerində var-dövlət və gizli daşınmaz əmlaka sahibdir.

“Pandora Sənədləri” Azərbaycan və Ukrayna prezidentləri daxil olmaqla, beş qitədəki ölkə liderlərinin, əksər hallarda başqa ölkələrdə olan aktivlərini gizlətdiyini və sərvətlərini ofşor vergi cənnətlərində gizlətməkdən ötrü ofşor şirkətlərdən istifadə etdiklərini göstərib.

XS
SM
MD
LG