Nadir bir hal olaraq ABŞ diplomatları prezidenti qınayan iki teleqram hazırlayıblar. Teleqramlarda prezidenti Kapitoli binasına ölümcül hücumu təhrik etməkdə günahlandıran diplomatlar administrasiya rəsmilərini Donald Trampın hakimiyyətdən kənarlaşdırılmasına əsas verəcək 25-ci düzəlişin icrasını dəstəkləməyə çağırır.
Dövlət Departamentinin "dissent channel" (narazılıq kanalı) kimi tanınan vasitədən istiadə edən xarici xidmət rəsmiləri deyib ki, onları ötən çərşənbə axşamı baş verən hadisələrin ABŞ-ın dünyadakı etibarına və demokratik dəyərlərinə xələl gətirəcəyi qorxudur.
"Prezidenti ictimai şəkildə cavabdeh tutmamaq demokratiyamıza və bizim ölkə hüdudlarından kənarda xarici siyasət hədəflərimizə effektiv nail olmaq qabiliyyətimizə daha ağır zərbə vurardı," ikinci teleqramda bildirilir. Diplomatlar arasında ötən həftə dövriyyəyə buraxılan teleqramlar sonra Dövlət Departamenti rəhbərliyinə ötürülüb.
Hər iki teleqramda ABŞ diplomatlarının hazırkı prezidentə qarşı misilsiz bir etirazı ifadə olunur. Onlardan bəziləri uzun müddətdir Tramp administrasiyasının diplomatların rolları və təcrübələrinə əhəmiyyət vermədiyindən şikayətlənirdi.
Narazılıq kanalından adətən spesifik xarici siyasətlər üçün istifadə edilir. Lakin fövqəladə tonlu bu sənədlərdə prezident ölkəyə təhlükə olaraq qiymətləndirilir.
Diplomatların yazdıqları həmçinin Trampın yaxın müttəfiqi olan Dövlət Katibi Mayk Pompeonun zorakılıqlara reaksiyasına olan qəzəbi əks etdirir.
Pompeo zorakılıqları qınasa da, Trampın tərəfdarlarını təşviq etidiyi barədə heç nə deməyib. Pompeonun hadisələrin təsirləri və onun xaricdəki diplomatlarının demokratiyanın təbliğində yeni çətinliklərlə özləşəcəyini etiraf etmədiyi də şikayət mövzusudur.
Öz növbəsində Tramp Dövlət Departamentini sədaqətsizlikdə günahlandırmışdı. Hətta bir dəfə o, Pompeo və jurnalistlər qarşısında Dövlət Departamentini "dərin Dövlət Departamenti" adlandıraraq Tramp və onun tərəfdarlarının fəırziyyələrinə əsasən departamentin prezidentin siyasətlərini sabotaj etməyə yönəlik bürokratik bir idarə olduğuna eyham vurmuşdu.
Telqramlara neçə diplomatın imza atdığı bəlli deyil.
"Dövlət Departamentinin birmənalı şəkildə Prezident Trampın ABŞ hökumətə zorakı hücumdakı rolunu qınaması mühümdür," birinci teleqramda deyilir. Əlavə edilib ki, prezidentin şərhlərindən onun səsinin bu məsələlərdə etibar kəsb etmədiyi üçün istifadə edilməməlidir.
"Biz adətən xarici liderlərin zorakılıqları və dinc etirazçıları qorxutmasını qınayırıq. Dövlət Departamentinin bəyanatlarında Trampın adı səslənməlidir. Dünyanın hətta prezidentin qanundan üstün tutulmadığını və ictimai tənqiddən immunitetli olmadığını görməsi olduqca mühümdür," sənəddə vurğulanıb.
İkinci teleqramda Pompeodan Baydenin qələbəsini tanıması və Trampın əməllərini qınaması tələb edilir. Orada həmçinin Pompeo Vitse-Prezident Mayk Pensin Prezident Trampın vəzifədən kənarlaşdırılması üçün 25-ci düzəlişi əsas gətirdiyi təqdirdə o, bu səyləri dəstəkləməyə çağırılır.
Dövlət Departamenti hələ ki, teleqramlara münasibət bildirməyib.