Accessibility links

Avqustun 3-də axşam Bakının Nərimanov rayonunda iki nəfərin həlak olması və iki nəfərin yaralanması ilə nəticələnən ağır avtomobil qəzası faktı üzrə Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarının pozulması, iki və daha artıq insanın həlak olmasına səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb.

Bu barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında deyilir.

Yerli medianın yazdığına görə, söhbət Nail Allahverdiyev adlı gəncin – baş nazirin müavini Əli Həsənovun nəvəsinin dostu ilə birlikdə avtomobillərini həddən artıq böyük sürətlə sürərək yarış təşkil etməsindən və qəza törətməsindən gedir.

“İstintaq materiallarına əsasən, “Mercedes-Gelandawagen” markalı avtomobilin sükanı arxasında 1994-cü il təvəllüdlü Nail Allahverdiyev olub. Məhkəmənin qərarı ilə o, 4 ay müddətinə həbs edilib.

İkincisi isə, “Mazda” avtomobilinin sürücüsü Mirməhəmməd İsmayılov inzibati qaydada 1 ay müddətinə həbs edilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluq bildirir ki, "tutduqları vəzifədən və xidmətlərindən asılı olmayaraq, qanuna zidd əməllərin törədilməsində təqsirli olan dövlət məmurlarının övladlarına qarşı ən sərt tədbirlər görüləcək”, deyə məlumatda bildirilir.

Nail Allahverdiyev baş nazirin müavini Əli Həsənovun nəvəsi, Dövlət Sərhəd Xidmətinin rəsisi Elçin Quliyevin kürəkənidir. Avtomobil qəzası geniş ictimai tənqidə səbəb olub.

XS
SM
MD
LG