Accessibility links

Namik Tan: “Bizim yəhudilərlə keçmişimiz tərtəmizdir”


Türkiyənin ABŞ-dakı səfiri Namik Tan
Türkiyənin ABŞ-dakı səfiri Namik Tan

Türkiyənin ABŞ-dakı səfiri 2010-cu ildə ABŞ-Türkiyə münasibətləri və Ankaranın regional siyasəti mövzusunda Amerikanın səsinə müsahibə verib

Türkiyə Cümhuriyyətinin Amerika Birləşmiş Ştatlarındakı səfiri Namik Tan 2010-cu il ABŞ-Türkiyə münasibətləri və bu münasibətlərdə İran, İsrail amili və İraq müharibəsi barədə Amerikanın səsinə müsahibə verib.

Türkiyənin İraq məsələsində ABŞ-la fövqəladə və yaxın əlaqələrə malik olduğunu bildirən səfir Namik Tan hər iki ölkənin strateji və regional təhlükəsizlik baxımdan bir-biri ilə daha yaxından əməkdaşlıq etməyə ehtiyacı olduğunu dilə gətirib.

ABŞ-Türkiyə münasibətlərində İran amilindən də danışan Türkiyə diplomatı hər iki ölkənin çatmaq istədiyi hədəfin eyni olduğunu bildirib: “Diqqət etsəniz görərsiniz ki, bu problemin həlli istiqamətində gördüyümüz işlər, kiçik fərqlər istisna olmaqla, nəhayətdə İranın nüvə silahına malik olmasının qarşısını almaq məqsədi daşıyır. İran nüvə silahı əldə etsə, bölgədə sabitlik pozulacaq. Bu hədəf yolunda biz yorulmadan əlimizdən gələni etdik. Sonda bir irəliləyişə nail olduq. Təşkil olunmuş növbəti danışıqlar raundu da Türkiyənin böyük səyləri nəticəsində baş tutub. Bizim İranla son təmasımız 3 tərəfli danışıqlar nəticəsində Tehran araşdırma reaktoru ilə bağlı razılığa gəlməyimiz olub. Saziş əldə olunandan dərhal sonra problemin yalnız 5+1 çərçivəsində həll oluna biləcəyini dilə gətirmişik. Bu toplantının yaratdığı zəminlə indi danışıqlar raundu keçirilir. Növbəti görüş Türkiyədə olacaq. Ümid edirik ki, irəliləyiş əldə olunacaq. Bu problem həll olunanadək biz səylərimizi davam etdirəcəyik. ”

Türkiyə-İsrail-ABŞ üçlü münasibətlərinə nəzər salan səfir Namik Tan həm Türkiyə, həm də İsrailin ABŞ-ın çox yaxın müttəfiqi olduğunu xatırladıb. Onun sözlərinə görə, qarşı tərəflər üçün də ABŞ önəmli bir müttəfiqdir: “Bölgədə sabitlik və sülh səyləri məsələsində ABŞ-ın bu iki müttəfiqinin birlikdə çalışması önəmlidir. Təbii ki, bizim heç bir yolla məsuliyyət daşımadığımız son hadisələr nəticəsində ortaya çıxan gərginliyin aradan qaldırılmasını Amerika da istəyir. Biz də istəyirik. İsrail bizə dost ölkədir. Bizim yəhudilərlə keçmişimiz tərtəmizdir. 500 illik əlaqələrə malikik. Biz də bu problemin həllini istəyirik. Amma problemi yaradan biz deyilik”.

Türkiyənin ABŞ-dakı səfiri Namik Tanın sözlərinə görə, problemin həlli istiqamətində addım atmalı olan ölkə Türkiyə deyil. Ankarının istəklərini açıqladığını deyən səfir bu istəklər yerinə yetəcəyi təqdirdə bu problemlərin də öz həllini tapacağını bildirib.

XS
SM
MD
LG