Accessibility links

Namizəd Səfərov Repressiya və İşgəncələr Əleyhinə Komitənin koordinatoru seçilib


Keçmiş vəkil Namizəd Səfərov Repressiya və İşgəncələr Əleyhinə Komitənin yeni koordinatoru seçilib. O, oktyabrın 29-da avtomobil vurduqdan sonra ağır kəllə-beyin travması alaraq koma vəziyyətinə düşən Oqtay Gülalıyevi əvəz edəcək.

Bu barədə noyabrın 21-də Müsavat Partiyasının qərargahında keçirilən Repressiya və İşgəncələr Əleyhinə Komitənin toplantısında qərar qəbul edilib.

Komitənin üzvü Eldəniz Quliyev bildirib ki, Oqtay Gülalıyev müəmmalı qəzaya düşəndən sonra komitənin fəaliyyətində fasilə yaranıb. Onun sözlərinə görə, ölkədə işgəncələr genişlənərək bütün qırmızı xətti keçib.

“İşgəncə nəinki sıravi, nisbətən az tanınan şəxslərə, partiya, təşkilat liderlərinə də verilir. 19 oktyabr aksiyasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu və keçmiş deputat İbrahim İbrahimli də işgəncəyə məruz qalıb,” o qeyd edib.

Repressiya və İşgəncələr Əleyhinə Komitə
Repressiya və İşgəncələr Əleyhinə Komitə

Əli Kərimli hesab edir ki, artıq işgəncə siyasi mübarizə vasitəsinə çevirib. Onun fikrincə, işgəncə faktlarının araşdırmaları ilə bağlı fəaliyyət ölkədə risklidir.

“Cəmiyyət işgəncə verənləri də, işgəncəni sifariş verənləri də elə qınamalıdır ki, yaşamaq elələri üçün çətin olsun," AXCP sədri qeyd edib.

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, işgəncələr hələ də davam edir.

“Azərbaycanda işgəncə halları 2003-cü ildən başlayaraq genişlənməkdədir,” o qeyd edib.

Komitə toplantının yekunu olaraq bəyanatla çıxış edib.

Sənəddə hüquq müdafiəçisi Oqtay Gülaliyevin düşdüyü müəmmalı avtomobil qəzası ilə bağlı beynəlxalq istintaqın aparılması vacib sayılır.

Rəsmi Bakı işgəncələrlə bağlı tənqidləri qəbul etmir və qərəzli sayır. Dövlət rəsmiləri Azərbaycanın Avropa hüquq məkanına daxil olduğunu və yerli məhkəmələrin qərarları ilə razılaşmayanların Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etdiklərini bildirir.

Hüquq mühafizə orqanları da işgəncə və qeyri-insani rəftarla bağlı deyilənləri təkzib edib. Baş Prokurorluq Milli Şuranın oktyabrın 19-da keçirdiyi aksiyada AXCP sədri Əli Kərimliyə saxlanıldıqdan sonra işgəncə verilməsi ilə bağlı onun açıqlamasını təkzib edib. Prokurorluğun açıqlamasında Əli Kərimlini günahlandırılıb və onun özünün başını avtobusda dəmir barmaqlıqlı qapıya vurduğu iddia edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Almaniya ölkəsindəki üç İran konsulluğunu bağlayıb
please wait

No media source currently available

0:00 0:11:51 0:00
XS
SM
MD
LG