Accessibility links

Namizəd Səfərov: "Vətəndaşlarımız hüquqi müdafiəsiz qalıb"


Namizəd Səfərov : İkinci bir alternativ vəkillər kollegiyası yaradılsın
please wait

No media source currently available

0:00 0:06:38 0:00

Hüquqşünasın Amerikanın Səsinə müsahibəsi

Hüquqşünas Namizəd Səfərov Amerikanın Səsinə müsahibəsində vəkillik institutunun durumu və insanlara hüquqi yardımın vəziyyətindən danışıb.

Amerikanın səsi: Azərbaycanda vəkillik institutunun hazırki durumunu necə qiymətləndirərdiniz? Ölkədə insanlar etibarlı hüquqi müdafiəyə malikdirmi?

Bu dəqiqə hər hansı bir şəxsin özünə vəkil tapması ən çətin məsələdir

Namizəd Səfərov: Biz ölkəmizdəki vəkillik institutunun səviyyəsinə baxsaq bunu bir sözlə xarakterizə etmək olar, bərbad haldadır. Bugünkü gün mən sizə bəzi rəqəmləri deyə bilərəm. Demək 2000-ci ilədək Azərbaycanda cəmi 500 vəkil fəaliyyət göstərirdi. Bu gün vəkillərin sayı 300 nəfər artırılıb. Mən bunu dünyada ən aşağı göstərici hesab edirəm. Yəni, statistikaya baxın, əgər mən düz demirəmsə Azərbaycanın ədliyyə generalları və yaxud da Vəkillər Kollegiyasının rəhbərliyi çıxıb bunu təkzib etsinlər ki, yox elə deyil. Adam başına düşən vəkillərin sayına görə Azərbaycan dünyada axırıncı yerlərdən birini tutur. Məsələn müqayisə üçün deyim ki, Gürcüstanda 5 milyon əhali var. Onların 9-10 minə yaxın vəkilləri var. Hər 10 min nəfərə 20-yə yaxın vəkil düşür. İndi bizdə hər 10 min nəfərə 1,3 vəkil düşür. Təsəvvür edirsiz, Gürcüstanda vəkillərin sayı bizdən 18-20 dəfə artıqdır. Vəkilliyin səviyyəsinə baxın. Hal-hazırda bizdə elə rayonlar var ki, ümumiyyətlə vəkil yoxdur. İndiyə kimi rayonlarda hüquqşünaslar vardı. Bunlar vəkil olmasalar da, vətəndaşlara hüquqi yardım göstərməklə məşğul olurdular. Bu da az-çox vətəndaşların hüquqi təlabatını müəyyən qədər ödəyirdi. Təsəvvür eləyin, indi cəmi 1300 vəkil var, onların da 500 nəfəri bir neçə ay bundan əvvəl götürülüb. Onların heç bir təcrübəsi yoxdur. Onların normal vəkil olması üçün illərlə vaxt lazımdır. Digər tərəfdən isə təcrübəli hüquqşünaslar var ki, tanınıblar. Bunların heç biri Vəkillər Kollegiyasına qəbul edilmir. Bu dəqiqə hər hansı bir şəxsin özünə vəkil tapması ən çətin məsələdir.

Amerikanın Səsi: Vəkili olmayan şəxslərin məhkəmə işlərinə çıxmasının aradan qaldırılmasından 1 il keçir. Belə olan təqdirdə vətəndaşlara hüquqi xidmətin keyfiyyəti artıbmı?

Bu vətəndaşların dövlət hakimiyyət orqanlarının özbaşınalıqları qarşısında tərkisilah olunması ilə nəticələndi.

Namizəd Səfərov: 2017-ci ilin axırlarında Milli Məclis, səhv etmirəmsə, Ali Məhkəmənin sədrinin təqdimatı ilə Mülki Prosesual Məcəllədə əlavə və dəyişikliklər edərək indiyə kimi vəkillik fəaliyyəti ilə məşğul olan hüquqşünasların fəaliyyətinə xitam verdi. Bu vaxtadək hüquqşünaslar ayrı-ayrı vətəndaşların müraciəti ilə onları həm pullu, həm də pulsuz hüquqi yardım göstərirdi. Bunların sayı 7 mindən artıqdır. Bu gün birdən-birə bir qərarla cəmi 1300 nəfər vəkilin olduğu ölkədə 7 min hüquqşünasın fəaliyyətinə xitam verildi. Bunu da onunla izah etmək istəyirdilər ki, guya vəkilliyin keyfiyyətini yüksəltmək istəyirlər. İndi bütün məhkəmələrdə vəkillərin çatışmazlığı meydana çıxıb. Vətəndaşlar nə özlərinə nümayəndə tapa bilir, nə də vəkil tapa bilir. Bu gün vətəndaşlar maddi cəhətdən elə aşağı səviyyədədir ki, onlar özlərinə vəkil tutmaq imkanına malik deyillər. Vəkilin müdafiəyə başlaması üçün ən azı müqavilə bağlamaq lazımdır. Ona görə də hesab edirəm ki, bu, qəsdən edildi, vətəndaşların dövlət hakimiyyət orqanlarının özbaşınalıqları qarşısında tərkisilah olunması ilə nəticələndi. Bu qərarın nəticəsi ondan ibarət oldu ki, vətəndaşlarımız müdafiəsiz qaldı.

Amerikanın Səsi: Vəkillik institutunun inkişafı üçün hansı islahatlar aparılmalıdır?

Ölkənin ən tanınmış vəkilləri Vəkillər Kollegiyasından çıxarılıb

Namizəd Səfərov: Hesab edirəm ki, vəkilliyin müstəqil bir peşə kimi fəaliyyətinə imkan verilməlidir. Yaxşı olar ki, ikinci bir alternativ vəkillər kollegiyası yaradılsın. Dövlətin tələblərindən kənara çıxan vəkilə qarşı güc tətbiq olunur. Onlar Vəkillər Kollegiyasından çıxarılır. Onlar təsir altındadırlar. Məsələn, 2018-ci ilin əvvəllərində prezident vəkilliyin inkişafına dair bir sərəncam verdi. İndi Vəkillər Kollegiyasının Rəyasət Heyəti gecə-gündüz həmin sərəncamı tərifləyir. Ancaq bu sərəncam vəkilliyin inkişafına heç nə vermədi. Ən azı vəkillərin maddi-texniki imkanları artırılmalıdır, vəkillərin müstəqilliyi artırılmalıdır. Ölkəmizdə tanınmış vəkillər var ki, onların Vəkillər Kollegiyasına daxil olması təmin olunmalıdır. Bizdə isə əksinədir. Müstəqil olan, tanınmış vəkilləri bir-bir Vəkillər Kollegiyasından çıxarırlar. Mən bir siyahı tərtib eləmişəm. Baxın, son zamanlar Vəkillər Kollegiyasından kimlər çıxarılıb. Qurban Məmmədov, Aslan İsmayılov, Lətifə Əliyeva, Hidayət Süleymanov, İradə Cavadova, Elçin Namazov, Əlaif Həsənov, Xalid Bağırov, Ramiz Zeynalov, Müzəffər Baxışlı, Yalçın İmanov. Bu siyahını artırmaq da olar. Ölkənin ən tanınmış vəkilləri Vəkillər Kollegiyasından çıxarılıb. Bundan sonra vəkillərin keyfiyyəti haqqında danışmaq yersizdir.

Qeyd: Azərbaycan rəsmiləri vəkillərin sərbəst və müstəqil fəaliyyət göstərməsi üçün lazımı şəraitin yaradıldığını bildirir.

Bu il Vəkillər Kollegiyasına üzvlüklə bağlı test imtahanları keçirilib. Bu proses bir neçə il idi dayanmışdı. Hazırda ölkədə 1500 civarında vəkil olduğu bildirilir.

Bununla yanaşı son zamanlar xeyli vəkilin fəaliyyəti dayandırılıb.

Vəkillər barəsində cəza qərarları, əsasən, hüquq-mühafizə qurumlarının - Daxili İşlər Nazirliyi orqanlarının, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin və Baş Prokurorluğun müraciətləri əsasında verilib.

Vəkillər bu tendensiyanı daha çox yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus saydığı şəxsləri müdafiə etmələri ilə əlaqələndirir.

Vəkillər Kollegiyası iddiaları qəbul etmir, onları qanunvericiliyin tələblərini pozmaqda günahlandırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG