Accessibility links

'Nardaran işi-2': 'Milyardlar, villalar, yaxtalar onlara kömək etməyəcək'


Nardaran işi məhkəməsi
Nardaran işi məhkəməsi

"Biz cəmiyyətimizin təmizlənməsini istəyirdik, ona görə özümüzü şərləyib, təcrid elədilər. Həbsxanalar dustaqla doludur, hər əlli məhbusdan qırxı gənclərdir. Onların da əksəriyyəti narkotik ittihamı ilə tutulub. Cəmiyyəti bu vəziyyətə salıblar…”, 2015-ci ilin noyabrında Nardaran hadisələrindən sonra həbs olunmuş Vüsal Alışlının bildirib.

Vüsal Alışlı​ “Müsəlman Birliyi” hərəkatının sədr müavini, ilahiyyatçı alim Elçin Qasımov və daha 10 nəfərlə birlikdə mühakimə olunur. Onların məhkəməsi başa çatmaq üzrədir. Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi-2” adı altında bir ildir davam edən bu prosesdə hökm öncəsi axırıncı mərhələdir – təqsirləndirilən şəxslər son sözünü deyir.

“Döyə-döyə, toka verə-verə ifadələrə imza atdırmaq…”

Dekabrın 26-da təqsirləndirilən şəxslərdən Fərhad Muradov son sözündə deyib ki, onları dövlət çevrilişinə cəhddə, ölkənin konstitusion quruluşunu dəyişməkdə suçlayırlar. Halbuki, nə belə bir cəhddə bulunublar, nə də elə niyyətləri olub. Onun sözlərinə görə, yeganə istək və tələbləri konstitusiyaya əməl edilməsi olub:

“Biz cinayətkar deyilik. Biz Azərbaycan vətəndaşıyıq, bu ölkədə rahat yaşamaq hüququmuz var, amma imkan vermirlər. İlk gündən bizim işimizdə qanun olmayıb. “Bandotdel”də adamları döyə-döyə, toka verə-verə, ləyaqətini alçalda-alçalda ifadələrə imza atdırmaq hansı qanunda var? Biz yox, bizim başımıza açılan bu oyunlarda iştirakı olan və buna göstəriş verən hər kəs günahkardır. Belə çıxır ki, xalq üçün yaşayanlar, millətin haqqını tələb edənlər həbsxanaya atılmalıdır, xalqın malını talayanlar isə istədikləri kimi yaşamalıdır. Bunlar hesab edir ki, adamlar əzilə-əzilə yaşamalıdır, haqqını tələb etməməlidir. Niyə? Biz xalqa qarşı bu cür münasibəti tənqid etmişik. Tənqid nə vaxtdan cinayət olub ki, tutub bizi bura salıblar?”

“Zülm eləyənlər yaddan çıxarmasınlar…”

Fərhad Muradov deyir ki, məhkəmədə dindirilən şahid polislər yalan ifadələr verdilər, onlar özləri evlərə silah-sursat atıb, sonra da tapılmış kimi protokollaşdırıblar. Təqsirləndirilən şəxsin sözlərinə görə, iki ildən çoxdur həbsdədir, amma niyə tutulduğunu hələ də bilmir. Cinayət işinin materiallarında ilahiyyatçı Taleh Bağırovun cinayətkar birliyin başçısı kimi təqdim olunmasından danışan Muradov söyləyib ki, ağ yalandır:

“Adamlara zülm eləyənlər yaddan çıxarmasınlar, bunların hesabını verə bilməyəcəklər. Hesab vermək məqamında yığdıqları milyardlar, villalar, yaxtalar onlara kömək eləməyəcək”.

“Bizə saxta ittihamları verənləri lənətləyirəm”

Başqa təqsirləndirilən şəxslərdən İsa İbrahimov da günahsız olduqlarını bildirib. Deyib ki, ədalətli cəmiyyət istədiklərinə görə həbsxanaya salınıblar.

“Guya, Lənkəranda mənim evimdən “limonka” tapılıb. Kürdəxanı təcridxanasında rəislə söhbətimiz oldu, o, bir müddət Astara polisində işləyib. Mənə dedi ki, sizin həyətdən limon çıxmalıydı, bunlar “ka”nı da əlavə eləyib, “limonka” çıxarıblar. Bircə fakt ortaya qoysunlar ki, mən orada dövlətçiliyə qarşı nəsə demişəm, çağırış eləmişəm. Yoxdur belə fakt. İcra başçısı mənim haqqımda xasiyyətnamədə yazıb ki, guya, noyabrın 26-dan fəallaşmışam. Mən həmin vaxt Azərbaycanda olmuşam ki, fəallaşım da?! Onda mən İraqda ziyarətdə olmuşam. Bizə saxta ittihamları verənləri lənətləyirəm. Çünki heç vaxt din adı altında təxribatla məşğul olmamışıq”, İsa İbrahimov son sözündə belə deyib.

O, çıxışını belə bitirib: “Ömrümdə bir dəfə bəddua eləmişəm, nəticəsi çox ağır olub. Əgər hökm oxunan gün zaldakı ana-bacılarımızın gözündə bir damcı yaş görsəm, 40 gün elə bəddua eləyəcəm ki, Allah bizə şər atanları tezliklə məhvi-nabud eləsin…”

Məhkəmə dekabrın 27-də digər təqsirləndirilən şəxslərin son sözləri ilə davam edəcək.

Xatırlatma

2015-ci il noyabrın 26-da güc orqanları Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub. Həmin gün "Müsəlman Birliyi" Hərəkatının sədri Taleh Bağırov və onun bir qrup tərəfdarı həbs edilib. Sonradan güc strukturları ümumilikdə 70 nəfərin həbs edildiyini bildirib. Ancaq hüquq müdafiəçilərinin siyahılarında bu rəqəm 87 göstərilir. Onların bir qisminə qanunsuz silah saxlama və iğtişaş salma ittihamı ilə 1 il 6 aydan 6 il 6 aya kimi həbs cəzası kəsilib.

40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Onların işi üç qrupa ayrılıb və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ağır cinayətlərdə ittiham olunan Taleh Bağırov və daha 17 nəfərin məhkəməsi yekunlaşıb. Bağırov və onun müavini Abbas Hüseynov 20 il, Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Nardaran hadisələri ilə bağlı Facebook səhifəsində qanunsuz çağırışlar etməkdə günahlandırılaraq həbs olunan AXCP sədrinin müavini Fuad Qəhrəmanlı 10 il həbs alıb. Saxlanarkən yetkinlik yaşına çatmamış Ramin Yarıyev 10 il, qalan 12 nəfərin hər biri isə 14 il 6 ay azadlıqdan məhrum ediliblər.

Bu günlərdə şərti adı "Nardaran işi-3" olan prosesdə də təqsirləndirilənlərə hökm oxunub. Bakı Ağır Cinayətlər Məhkəməsində Zeynal Ağayevin sədrlik etdiyi, Səbuhi Hüseynov və Azad Məcidovdan ibarət hakimlər kollegiyasının hökmü ilə 12 nəfərə ümumilikdə 160 il 9 ay həbs cəzası verilib. Ayrı-ayrılıqda Zülfüqar Mikayılov 17 il, Elman Ağayev 13 il, M.Quliyev 13 il, M.Məmmədov 12 il 3 ay, E.Bünyadov 12 il 3 ay, E.Ağayev 13 il, E.Həsənov 12 il 3 ay, F.Allahverdiyev 13 il, R.Seyfullayev 13 il, M.İbrahimov 13 il, R.İsmayılov 15 il, C.Əliyev 14 il azadlıqdan məhrum edilib.

"Nardaran məhbusları" məhkəmədə deyiblər ki, tutularkən və ondan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində ağır işgəncələrə məruz qalıblar. Ancaq idarənin əməkdaşları məhkəmədə dindirilərkən işgəncə iddialarını təkzib ediblər.

Bu yaxınlarda daha az cəza alan "Nardaran məhbusları"ndan 18 nəfər vaxtından əvvəl məhkəmənin qərarı ilə azadlığa çıxıb. Onların bəzilərinin həbs müddətinin başa çatmasına saylı günlər qalmışdı.

XS
SM
MD
LG