Accessibility links

“Nardaran işi”: “Bura məhkəmədi, yoxsa agentura yuvası?”


Nardaran işi üzrə məhkəmədə dava düşüb. Nəticədə təqsirləndirilən şəxslərdən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun məhkəmə iclaslarından uzaqlaşdırılması haqda qərar çıxarılıb.

AzadlıqRadiosunun məlumatına görtə, bu, noyabrın 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində Sabunçu Rayon Polis İdarəsinin əməkdaşı Samir Haşımov dindirilərkən baş verib.

Samir Haşımov 2015-ci il noyabrın 5-də Müsəlman Birliyi Hərəkatının sədr müavini Elçin Qasımovun həbsindən sonra adamların Sabunçu RPİ-nin qarşısında toplaşması və ondan sonrakı hadisələr haqda danışıb və vəkil Nemət Kərimlinin suallarının bir çoxuna "xatırlamıram", "bilmirəm" cavablarını verib. Ona görə vəkil polis əməkdaşında yaddaş pozğunluğunun olub-olmaması üçün tibbi ekspertiza keçirilməsi məsələsini qaldıranda Haşımov kobud cavab verib. Polisin bu cür davranışı və hakimin ona irad bildirməməsi təqsirləndirilən şəxslərin etirazına səbəb olub.

TƏQSİRLƏNDİRİLƏNLƏR ZALDAN ÇIXARILIB

Bundan sonra Əlövsət Abbasovun sədrlik etdiyi hakimlər kollegiyası təqsirləndirilən şəxslərdən Taleh Bağırov, Abbas Hüseynov və Cabbar Cabbarovun məhkəmə zalından kənarlaşdırılması haqda qərar çıxarıb.

Məhkəmə zalı tam boşaldılıb, 18 təqsirləndirilənin hamısı çıxarılıb. Üç nəfər haqda qərara etiraz olaraq, qalan 15 nəfər də məhkəmə zalına qayıtmaqdan imtina edib.

Təqsirləndirilən şəxslərin iştirakı olmadan məhkəməni davam etdirən hakimlər bütün təqsirləndirilən şəxslərin prosesdən uzaqlaşdırılması haqda qərar verib.

Polis əməkdaşı Samir Haşımovun dindirilməsi isə davam edib. Hakim vəkillərdən şahid polisə sualları olub-olmadığını soruşanda vəkillər bildirib ki, onlar təqsirləndirilən şəxslərin mənafeyini müdafiə edirlər. Onların iştirakı olmadan, mövqelərini öyrənmədən heç bir sual verə bilməzlər.

Bu gün həmçinin təqsirləndirilən şəxslərdən AXCP sədrinin müavini Fuad Qəhrəmanlı məhkəməyə gələnlərə təzyiq edildiyini növbəti dəfə hakimlərin nəzərinə çatdırıb. Bildirib ki, ötən məhkəmə iclasında iştirak etmiş Tacəddin adlı şəxs məhkəmədən dərhal sonra saxlanılıb və ona 30 sutka inzibati həbs cəzası verilib.

"Biz yaxşı bilirik ki, məhkəməyə gələnlərin şəxsiyyət vəsiqələrini yığıb, iştirakçıların siyahısını müvafiq orqanlara təqdim edirlər. Məhkəməyə gələnlərə qarşı bu cür davranış ləyaqət sərhədlərini aşmaqdır. Bura məhkəmədi, yoxsa agentura yuvası?", - Fuad Qəhrəmanlı bildirib.

"Hal şahidi kimi adı keçənlər məhkəməyə gəlsin"

Taleh Bağırov isə işdə hal şahidi kimi adı keçən adamların məhkəmədə dindirilməsini tələb edib. Əslində, onlar həbs olunarkən hadisə yerində heç bir hal şahidinin olmadığını deyən ilahiyyatçı bildirib ki, işdə adı keçən qondarma şahidlərə sualları var: "Adətən hal şahidləri ittiham tərəfinin əsas arqumentlərindən olur. Bizim işdə isə onların adlarını əsas şahidlər siyahısına yazmayıblar. Bunun səbəbini biz yaxşı bilirik. Tələb edirik ki, onlar bura gətirilib dindirilsin".

Hakim bildirib ki, əlavə şahidlərlə bağlı vəsatətlərə əsas şahidlər dindiriləndən sonra baxılır.

Bundan sonra məhkəmənin dekabrın 2-nə qədər təxirə salındığı elan olunub.

XATIRLATMA

Ötən il noyabrın 26-da Nardaran qəsəbəsində keçirilən xüsusi əməliyyatda, ikisi polis, 6 şəxs həlak olub. Rəsmi bilgilərə görə, «Müsəlman Birliyi» Hərəkatının 70-dən çox tərəfdarı həbs edilib (Hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 87 göstərilir). Daha yüngül maddələrlə ittiham edilənlərin məhkəməsi başa çatıb. Həmin şəxslər 1 il 6 aydan 6 il 6 ayadək həbs cəzası alıblar. Taleh Bağırov, Abbas Hüseynov və daha 16 nəfərin məhkəməsi ayrılıqda davam edir. T.Bağırov və onunla saxlananlar qətldə və daha bir neçə çox ağır cinayətdə təqsirləndirilir. Təqsirləndirilənlər bu ittihamları rədd edir, onlardan ifadələrin işgəncə altında alındığını bildirirlər.

Məhkəmədə zərərçəkən kimi ifadə verən DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları isə «Nardaran işi»ndə həbs olunanlara işgəncə verilməsi ilə bağlı deyilənləri təkzib ediblər.

XS
SM
MD
LG