Accessibility links

50-yə yaxın ölkə İranın İsrailə hücumunu qınayıb və gərginliyi azaltmağa çağırıb


İran ordusunun əsgərləri
İran ordusunun əsgərləri

Təqribən 50 ölkə çərşənbə günü axşam bəyanat yayaraq, İranın İsrailə raketlər və pilotsuz təyyarələrlə hücumlarını qınayıb, bölgədəki tərəfləri vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün işləməyə çağırıb və Yaxın Şərqdə gərginliyin həlli səylərində diplomatik əməkdaşlığa söz verib.

Bu bəyanatla Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndələri - Albaniya, Argentina, Avstraliya, Avstriya, Belçika, Britaniya, Bolqarıstan, Kanada, Xorvatiya, Kipr, Çexiya, Danimarka, Ekvador, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İrlandiya, İsrail, İtaliya, Yaponiya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Moldova, Monako, Monteneqro, Niderland, Yeni Zelandiya, Norveç, Mikroneziya, Palau, Papua Yeni Qvineya, Polşa, Portuqaliya, Cənubi Koreya, Rumıniya, Slovakiya, Sloveniya, İspaniya, İsveç, Ukrayna və ABŞ çıxış edib.

Bəyanatda "İranın eskalasiyaya səbəb olan hücumu beynəlxalq sülh və təhlükəsizliyə ciddi təhdid yaradır və bu, onun militant tərəfdaşları tərəfindən təhlükəli və sabitliyi pozan addımlarının sonuncu nümunəsidir" deyilib.

Qərb ölkələrinin müharibə Yaxın Şərq boyu genişlənməsin deyə, İsraili təmkinə çağırmalarına baxmayaraq, Baş nazir Benyamin Netanyahu çərşənbə günü deyib ki, İsrail İranın həftəsonu hücumuna necə cavab verəcəyinə özü qərar verəcək.

Birləşmiş Ştatlar, Avropa İttifaqı və Böyük Yeddilər (G7) qrupu İrana qarşı daha sərt sanksiyaları nəzərdən keçirməyi planlaşdırdıqlarını açıqlayıb. Bu, İsraili dəstəkləmək və eyni zamanda onu Tehrana qarşı cavab tədbirlərindən yayındırmaq məqsədi daşıyır.

Netanyahu Britaniyanın xarici işlər naziri Devid Kameron və almaniyalı həmkarı Annalena Berbokla görüşüb. Hər iki rəsmi İsrailə bu ölkənin Qəzza zolağında HƏMAS militantlarına qarşı apardığı müharibə ilə yanaşı, Qərbin İsrail-İran qarşıdurmasının daha da genişlənməsinin qarşısını almaq cəhdi çərçivəsində səfər edib.

Netanyahu ofisinin bildirdiyinə görə, o, Kamerona və Berboka dəstəklərinə görə təşəkkür edərək, onlara "Aydın şəkildə bildirmək istəyirəm - biz öz qərarlarımızı verəcəyik və İsrail dövləti özünü müdafiə etmək üçün lazım olan hər şeyi edəcək" deyib.

İran prezidenti İbrahim Rəisi Tehran yaxınlığında keçirilən illik hərbi paradda çıxış edərək, İsrailin qisası ilə bağlı xəbərdarlıq edib və İranın buna "genişmiqyaslı və sərt cavab" verəcəyini deyib.

Forum

XS
SM
MD
LG